Azərbaycanda müstəqil sığorta ekspertlərinə dair tələblər bazara necə təsir edəcək?

Azərbaycanda müstəqil sığorta ekspertlərinə dair tələblər bazara necə təsir edəcək?

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətini təsdiq etdiyi “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”ə əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləcə də müstəqil ekspertlərin hesabatlılığına dair tələblər müəyyənləşib.

Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək. Hesabatlaı rüb başa çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq edilərək təqdim olunacaq.

Bəs bu tələblər sığorta bazarına necə təsir edəcək? "Report" mövzunu sektorun ekspertləri ilə müzakirə edib.

"Müstəqil sığorta ekspertləri ilə məsləhətləşmək lazım idi"

Onlardan biri - İlkin İbrahimov hesab edir ki, tələblər müəyyən ediləndə müstəqil sığorta ekspertləri ilə məsləhətləşmək lazım idi: "Belə qərarları qəbul edərkən müstəqil ekspertlərlə də görüşlərin keçirilməsi məqsədəuyğun olardı. Azərbaycanda çoxlu sayda ekspert var. Onların belə qərarların qəbulunda iştirak etməməsi təəssüf doğurur. Ümumilikdə isə sözügedən tələblərin müəyyən edilməsi çox müsbət haldır. Əvvəl müstəqil ekspertlərlə bağlı qanunvericilikdə qeydlər olsa da, bəzi məsələlər açıq qalmışdı. Onların hüquq və vəzifələri müəyyən edilmirdi. Bu sahədə qaydalar demək olar yox idi və buna görə də bir qədər pərakəndəlik hökm sürürdü".

"Yəqin ki, bu tələblər müstəqil ekspertlərin sertifikasiyadan sonra tətbiq ediləcək. Hələlik sertifikasiya olmadığına görə, hesabatlılığın da ola biləcəyi sual doğurur. Müstəqil ekspertlər sertifikasiyadan keçməli, onların fəaliyyət istiqamətləri müəyyən edilməlidir ki, hesabatlılıq da olsun. Amma sözügedən tələblərin əvvəlcədən müəyyən edilməsi bazarın gələcək inkişafına təkan verəcək”, - deyə o qeyd edib.

"Yalnız peşəkarlar ekspert olmalıdır"

Digər ekspert Kamran Babayev də “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər"in təsdiq edilməsini müsbət hal kimi qiymətləndirir: "Müstəqil ekspertlərin sığorta bazarında rolu çox önənlidir. Çünki müştəri ilə sığorta şirkəti arasında zərərin qiymətləndirilməsində problemlər olur. Onlar razılığa gəlməyəndə müstəqil ekspert seçilir. Yalnız peşəkar, eyni zamanda dürüst və ədalətli insanlar ekspert olmalıdır. Elə tələblər tətbiq edilməlidir ki, məhz işini bilən insanlar sığorta bazarında fəaliyyət göstərsinlər".

"Düşünürəm ki, müstəqil ekspertlərdən başqa təmir müəssisələrinə dair tələblər də olsa, bazara müsbət təsir göstərər. Sığorta şirkətləri keyfiyyətli işlər görən avtoservislərə müraciət etməlidir. Bu, xidmətin keyfiyyətinin artmasında müsbət rol oynayar. Bir sıra meyarlar müəyyən edilər və onlara cavab verən avtoservislər sığorta şirkətləri ilə əməkdaşlıq edər”, - deyə o qeyd edib.