Şamaxıda FHN könüllülərinin təlim düşərgəsinin açılışı olub

Şamaxıda FHN könüllülərinin təlim düşərgəsinin açılışı olub

Şamaxıda Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Azərbaycan Könüllü Gənclər Təşkilatının (AKGT) tərəfdaşlığı ilə rayonun Olimpiya Mərkəzində FHN könüllülərinin təlim düşərgəsinin açılış mərasimi olub.

"Birxeber.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, nazirliyin Şimal Qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov, Gənclər Fondunun icraçı direktoru əvəzi Qədir Xəlilov və AKGT-nin sədri Yusif Vəliyev iştirak ediblər.

Düşərgə ümumilikdə 3 gün davam edəcək. Könüllülər könüllülük fəaliyyəti haqqında ümumi məlumatlar, fövqəladə hallar zamanı davranış qaydaları, komanda oyunları və stressli şəraitdə fəaliyyətlər barədə təlimlərə cəlb olunacaq.

Eyni zamanda, könüllülər fövqəladə hallar zamanı istifadə olunacaq texnikalarla yaxından tanış olacaq, istifadə qaydalarını mənimsəyəcəklər. Bununla yanaşı, təbii fəlakətlərdə insanlara humanitar yardımların göstərilməsi, çadırların qurulması mülki müdafiənin təmin olunması ilə bağlı da təlimlər keçiriləcək.

Tədbirdə 42 könüllü iştirak edir.