Sağlamlıq imkanları məhdud olan şəxslər üçün təhsil müddəti müəyyənləşib

Sağlamlıq imkanları məhdud olan şəxslər üçün təhsil müddəti müəyyənləşib

Təhsil müəssisələrində sağlamlıq imkanları məhdud olan şəxslər üçün təhsil müddətimüəyyənləşib.

Birxeber.Az-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda əksini tapıb.

Eşitmə qabiliyyəti tam məhdud olan şəxslərin təhsil müddəti 11 ildir (I-XI siniflər). Bu müddətdə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar.

Eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan itirmiş şəxslərin təhsil müddəti I bölmədə 10 il (I-X siniflər), II bölmədə 12 ildir (I-XII siniflər). I bölməyə eşitmə qabiliyyətinə görə nitq inkişafında yüngül formada, II bölməyə isə nitq inkişafında ağır formada pozuntusu olan şəxslər qəbul edilirlər. Hər iki bölmənin təhsilalanları ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar.

Ağır nitq pozuntularının aradan qaldırılması üzrə aparılan işlər səmərəli nəticə verərsə, IX sinifdən sonra psixoloji-tibbi- pedaqoji komissiyanın qərarı əsasında onlar I bölmənin müvafiq sinfinə keçirilə bilərlər. Lazımi təlim-tərbiyə şəraiti və maddi-tədris bazası olduğu hallarda, valideynlərin və təhsilalanların arzusu ilə I bölmədə XI-XII siniflər təşkil edilə bilər. I bölmənin XI-XII siniflərində təhsilalanlar tam orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar;

Nitq pozuntusu olan şəxslərin I bölmədə təhsil müddəti 10 il (I-X siniflər), II bölmədə isə 9 ildir (I-IX siniflər). I bölməyə ümumi nitq inkişafında ağır pozuntusu olan, II bölməyə isə ağır formalı qeyri- iradi nitq pozuntusu olan şəxslər qəbul edilirlər. Hər iki bölmədətəhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar.

Görmə qabiliyyəti tam məhdud olanların və zəif görənlərin təhsil müddəti 12 ildir (I-XII siniflər). Bu şəxslərə internat tipli müəssisənin I-X siniflərində ümumi orta təhsil səviyyəsində, XI-XII siniflərində isə tam orta təhsil səviyyəsində təhsil verilir.

Əqli geriliyi olan şəxslərin təhsil müddəti 9 ildir (I-IX siniflər). Əqli geriliyi olan şəxslər bu müddət ərzində ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar. Əqli geriliyi olan şəxslərin təhsil aldığı təhsil müəssisələrində lazımi maddi-tədris bazası və kadr potensialı olduqda, onlara müvafiq peşələr öyrədilir. Bu təhsil müəssisələrində təhsil müddəti 10 ildir (I-X siniflər).

Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan şəxslərin təhsil müddəti 10 ildir (I-X siniflər). Bu müddətdə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar.

Mürəkkəb və ağır çatışmazlığı olan şəxslərin təhsil müddəti 11 ildir (I-XI siniflər). Bu müddətdə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar.

Xroniki somatik xəstəlikləri olan şəxslərin təhsil müddəti 10 ildir (I-X siniflər). Bu müddətdə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar.

Emosional-iradi sahədə və davranışlarında nəzərə- çarpan ağır pozuntuları olan şəxslərin təhsil müddəti 9 ildir (I-IX siniflər). Bu müddətdə təhsilalanlar ümumi orta təhsil səviyyəsi üzrə tədris proqramları həcmində təhsil alırlar.

Şərait və maddi-tədris bazası nəzərə alınmaqla, təhsil müəssisələrinin bazasında tam orta təhsil verən siniflər də (X-XI siniflər) açıla bilər.