TDT azad edilmiş ərazilərdə seçki prosesini müşahidəsinin nəticələrini açıqlayıb

TDT azad edilmiş ərazilərdə seçki prosesini müşahidəsinin nəticələrini açıqlayıb

Seçki günü hansısa siyasi qüvvə tərəfindən seçicilərə heç bir təzyiq, müdaxilə edilməyib.

"Birxeber.Az"un məlumatına görə, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təşkilat növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyasını beynəlxalq standartlara və qanunlara uyğun şəkildə uğurla başa vurub: "TDT müşahidəçiləri seçkilərdən öncə Prezident İlham Əliyev və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər keçirib: Seçki günü isə müşahidəçi missiyamız üç qrupa bölünüb. Bakı, Şuşa, Xocalı və Xankəndidə səsvermə prosesi müşahidə olunub. Məntəqələrdən müşahidəçilərə bütün məlumatlar tam şəkildə verilib. Hansısa qanun pozuntularına şahidlik etməmişik. Proses zamanı ictimai asayiş tam təmin olunub. Səsvermə məntəqələrində tamamilə azad şəkildə proses reallaşdırılıb".

K.Ömüralıyev deyib ki, missiya müşahidə zamanı əlilliyi olan vətəndaşların səsvermə prosesində hüuqlarının təmin olunduğuna şahid olub: "Biz seçicilərin bütün lazımi avadanlıqlarla təmin olunduğunu gördük. Bundan əlavə, seçici aktivliyi yüksək səviyyədə idi".