Milli Dirçəliş Hərəkatı Partiyası prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Milli Dirçəliş Hərəkatı Partiyası prezident seçkiləri ilə bağlı bəyanat yayıb

“Prezident seçkilərində böyük təcrübəsi olan Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycanda keçirilən növbəti prezident seçkilərində birbaşa namizədlə deyil, seçkiləri müşahidə missiyası ilə təmsil olunub".

Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat Xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, bu barədə Partiyanın bəyanatında bildirilib.

Qeyd edilib ki, Partiya öz müşahidəçilərini qanunvericiliyin tələblərinə uyğun şəkildə qeydiyyatdan keçirmiş və müşahidəçilər seçki günü səsvermənin izlənməsi, müvafiq məlumatların Partiyanın qərargahı ilə paylaşılması üçün təlimlərə cəlb edilib.

“Seçki günü səsvermə prosesini yüzdən çox partiya üzvü ayrı-ayrı məntəqələrdə canlı müşahidə edib. Onların günün müxtəlif saatlarında verdiyi məlumatlara əsasən Milli Dirçəliş Hərəkatı Partiyasının 7 fevral tarixində baş tutmuş Prezident seçkiləri ilə bağlı vahid rəyi hazırlanıb. Bu rəyə əsasən bildiririk ki, prezident seçkilərində səsvermə prosesi Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək səviyyədə təşkil edilib. Məntəqələr bütün zəruri avadanlıqla təchiz olunub, siyahılar zamanında dəqiqləşdirilib və məntəqələrə yerləşdirilib. Səsvermə günü seçici fəallığı çox yüksək olub, seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda yerli və beynəlxalq müşahidəçi izləyib. Birbaşa müşahidə apardığımız hər bir məntəqədə 10 və daha çox sayda müşahidəçi olub.

İlk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən bu seçkilər işğaldan azad edilən torpaqlarda da uğurla təşkil olunub. Bu seçkiləri ölkənin müstəqillik tarixinin ən demokratik, azad, ədalətli və şəffaf seçkisi hesab edirik. Qeyd etmək lazımdır ki, sakit və dinc şəraitdə, heç bir qarşıdurma və ixtilaf olmadan keçirilən Azərbaycandakı Prezident seçkilərini digər ölkələr üçün nümunə hesab edilə bilər.

Prezident seçkiləri xalqın iradəsini tamamilə əks etdirib və Azərbaycana böyük uğurlar və qələbələr bəxş etmiş İlham Əliyev Azərbaycan Respublikasının yeni prezidenti seçilib. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi bu seçkilərdə də öz iradəsi və əqidəsi ilə qələbə qazanıb. Xalq və hakimiyyətin birliyi seçkinin uğurlu nəticəsini müəyyənləşdirib. Seçkidən dərhal sonra xalqın bu qələbəni bayram etməsi seçkilərin ədalətli keçirildiyini və xalqın istəyini ifadə etdiyini bir daha təsdiqləyir. Milli Dirçəliş Hərəkatı Partiyası bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi təbrik edir, partiyamızın çoxsaylı üzvləri adından Prezidentə Azərbaycan naminə yeni-yeni qələbələr arzulayırıq”, - bəyanatda vurğulanıb.