Markov: Əminəm ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin ədalətli və azad keçdiyini etiraf edəcək

Markov: Əminəm ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin ədalətli və azad keçdiyini etiraf edəcək

Azərbaycanda bundan qabaq da seçkilərin monitorinqini aparmışıq. Bu dəfə də 20 nəfərdən ibarət heyətlə Azərbaycanda növbədənkənar prezident seçkilərini izləməyə gəlmişik.

Birxeber.Az xəbər verir ki, bunu rusiyalı müşahidəçi, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov 7 fevralda Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilər ilə bağlı danışarkən deyib.

O bildirib ki, onlar vətəndaş dialoqu qrupunu təmsil edirlər: "Bu qrup 15 il bundan qabaq təsis edilib. Məqsəd müxtəlif ölkələrin vətəndaş cəmiyyətlərinin inkişafına kömək olmaqdır. Həmçinin müxtəlif ölkələrdə keçirilən seçkiləri müşahidəçi qismində izləyirik. Qrupun 20 üzvü seçkiləri izləməyə görə Azərbaycana gəlib. 4 qrupa bölünərək 30 seçki məntəqəsində seçkini izləmişik. Seçkilər çox şəffaf keçirilib. Azərbaycan Konstitusiyası və beynəlxalq standartlara uyğun seçki prosesi baş tutub, seçicilərin iradəsini tam əhatə edib. İlham Əliyevi layiqli və inamlı qələbə münasibəti ilə təbrik edirəm. Seçicilərin yüksək iştirak vardı, bu proqnozlaşdırılan idi. İlk dəfə seçkilər müasir Azərbaycanın bütün ərazilərində, eləcə də Qarabağda keçirildi.

Müşahidələrimizdə bir şeyi qeyd edim ki, seçicilər milli qəhrəmana səs verən kimi İlham Əliyevə səs verirdi. Onlar səs verəndə “Qarabağ Azərbaycandır!”, “Yaşasın İlham Əliyev!” deyirdilər. Əminəm ki, bütün beynəlxalq təşkilatlar seçkilərin ədalətli və azad keçdiyini etiraf edəcəklər.

Cüzi texniki çatışmazlıqlar olub, lakin bu səsverməyə heç bir maneə yaratmırdı. Biz bütün müşahidələrimizlə bağlı yekun fikirləri hazırlayaraq Mərkəzi Seçki Komissiyasına göndərəcəyik", - o qeyd edib.