Zabux sakini: “Qarabağın işğaldan azad olunmuş ərazilərində hər cür şəraiti olan evlər tikilir”

Zabux sakini: “Qarabağın işğaldan azad olunmuş ərazilərində hər cür şəraiti olan evlər tikilir”

44 günlük müharibə nəticəsində işğaldan azad edilən Qarabağ kəndlərində yenidən evlər tikilir, insanlar öz doğma yurdlarına qayıdırlar.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Laçın rayonunun Zabux kənd sakini Rauf Şirinoğlu “news.ru”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu evlərdə normal yaşayış üçün hər cür şərait var. Kənd sakini qeyd edib ki, həmkəndliləri kimi o da, 1992-ci ildə Ermənistanın kəndi atəşə tutmasından sonra evini tərk edib.

“O vaxt kəndimizdəki bütün evlər dağıdıldı. 2021-ci ilin payızında 44 günlük müharibə nəticəsində Zabux azad edildi. Hökumət tərəfindən yeni evlər tikilib. Hazırda 5 ailə üzvü ilə 5 otaqlı evdə yaşayıram. Evin suyu, işığı, qazı, interneti, kanalizasiyası – normal yaşamaq üçün lazım olan hər şeyi var”, - R.Şirinoğlu bildirib.

Onun sözlərinə görə, sərhədyanı Zabux kəndi ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistandan olan silahlı quldurların atəşinə məruz qalıb və kənd sakinləri bu səbəbdən doğma kəndlərini tərk etməli olublar.

“Ermənistanla sərhəddə olan kəndimiz artilleriya və minaatanlardan atəşə tutulub. Kəndi havadan da vururdular, çünki bizə deyildiyinə görə, sovet aviasiya bölməsində çoxlu erməni zabitlər olub. Biz məcbur olub Qubadlı şəhərindən keçərək Azərbaycanın digər rayonlarına getməli olduq”, - kənd sakini qeyd edib.