Arçil Talakvadze: Səsvermə mühiti, məntəqələrdəki ab-hava çox sakit, mülayim idi

Arçil Talakvadze: Səsvermə mühiti, məntəqələrdəki ab-hava çox sakit, mülayim idi

"Bu gün sizin demokratiyanız, vətəndaşlarınız üçün vacib gündür".

APA xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə edən Gürcüstan nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spikeri Arçil Talakvadze media üçün açıqlamasında deyib.

“Biz Azərbaycan tərəfindən seçkiləri müşahidə etmək üçün dəvət aldıq. Mən spikerin müaviniyəm və bizim qısa müddətli missiyamız bura göndərilib. Bizim missiyamızdan olan deputatlar beynəlxalq müşahidə missiyalarının tərkibində də təmsil olunur. Öz müşahidələrimizi bölüşmək üçün buradayıq. Azərbaycan hökumətinə, Milli Məclisə və Mərkəzi Seçki Komissiyasına təşəkkür edirik ki, bizi müşahidə üçün dəvət etdilər”, - Talakvadze qeyd edib.

Arçil Talakvadze beynəlxalq müşahidəçilərin ölkənin seçki məntəqələrində öz müşahidələrini apara bildiyini qeydə aldıqlarını deyib:

“İlkin müşahidələrimiz odur ki, seçicilərin iştirakı, fəallığı yüksək idi, səsvermə prosesinin bütün detallarına, qaydalarına əməl olundu. Səsvermə mühiti, məntəqələrdəki ab-hava çox sakit, mülayim idi. Biz beynəlxalq müşahidəçilərin səsvermə məntəqələrinə getdiyini, medianın fəal iştirakını qeydə aldıq”.

O qeyd edib ki, media işçilərinin seçki məntəqələrinə çıxışı təmin olunub:

“Yekun olaraq deyə bilərik ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub. Seçici fəallığı yüksək idi, mühit sakit idi, səsvermə qaydalarına əməl olunub, seçicilər seçki hüququndan bəhrələnib. Bu, Azərbaycan seçkiləri tarixində əlamətdar seçkidir. Bunu vətəndaşlar da bildirib, onlar deyib ki, tarixi seçkini yaşayırlar. Vətəndaşlar ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra bütün ölkə ərazisində seçki hüquqlarından bəhrələniblər. Gürcüstan Azərbaycanın demokratik gələcəyini və dayanıqlı sülhü dəstəkləyir. Bu istiqamətdə biz Gürcüstan olaraq Azərbaycanla əməkdaşlığımıza hazırıq”.