Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığına həsr olunmuş fotosərgi açılıb

Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığına həsr olunmuş fotosərgi açılıb

Bu gün Ukraynanın Bakıdakı Səfirliyində Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə Ukrayna və Azərbaycan xalqları arasında dostluğa və dövlətlər arasında ikitərəfli əməkdaşlığa həsr olunmuş fotosərgi açılıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesablarında bildirib.

Onun sözlərinə görə, bu günlərdə Ukrayna-Azərbaycan münasibətləri tarixində iki əlamətdar hadisə qeyd olunur: Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 105 illiyi (8 fevral 1919-cu il) və Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin bərpasının 32-ci ildönümü (6 fevral 1992-ci il).

Qeyd edilib ki, parlamentlərarası dostluq qruplarının həmsədrləri Valeriy Kolyux və Kamran Bayramov, Ukraynanın xalq deputatı Sergey Bunin, Birləşmiş Azərbaycan Ukraynalıları İcmasının rəhbəri Tamila Musayeva, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov, Ukraynanın Şamaxı şəhərdəki Fəxri konsulu Mehrəli Qasımov, Ukrayna Ticarət Evinin direktoru Əlibala Məhərrəmzadə, Ukraynanın dostu İqbal Babayev, həmçinin Ukrayna Mərkəzinin və Azərbaycanın digər ictimai təşkilatlarının nümayəndələri tədbirdə iştirak ediblər.

"Bu fotosərginin fevralın 7-də - Azərbaycan müstəqillik əldə etdikdən sonra bu il işğaldan azad edilmiş Azərbaycan ərazilərində ilk dəfə keçirilən prezident seçkiləri günündə keçirilməsi rəmzidir. Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam... Bir müddət əvvəl bu şəhərlərdə seçkilər qeyri-mümkün görünürdü. Amma bu gün, o cümlədən burada azərbaycanlılar növbəti yeddi il üçün öz inkişaf yolunu seçirlər. Ona görə də Ukrayna sevinir ki, Azərbaycan nəhayət öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib və bu, azərbaycanlı dostlarımıza Azərbaycanın bütün ərazisində tarixi seçkilər keçirmək imkanı verir. İnanırıq ki, yaxın gələcəkdə Ukrayna bayrağı hazırda Rusiyanın işğalı altında olan Ukrayna şəhərlərində də dalğalanacaq: Donetsk və Luqansk, Yalta və Aluşta, Mariupol və Melitopolda. Və biz dəqiq bilirik ki, bu gün ukraynalılar azərbaycanlılar üçün sevindiyi kimi, azərbaycanlılar da bizim üçün çox yaxında sevinəcəklər, - o qeyd edib.