Azərbaycanın Moskvadakı səfirliyində səsvermə başa çatıb

Azərbaycanın Moskvadakı səfirliyində səsvermə başa çatıb

Ölkəmizin Rusiyadakı səfirliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

“Birxeber.Az”un Rusiya bürosu xəbər verir ki, Azərbaycanın Moskvadakı səfirliyində yaradılan 19 saylı Nərimanov birinci seçki dairəsinin 42 saylı və 19 saylı Nərimanov birinci seçki dairəsinin 43 saylı seçki məntəqələrində 2500-dən çox Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.

Moskva və Moskva vilayətində yaşayan 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak etmək imkanına malik idilər. Səhər saat 8:00-dan açılmış məntəqələrdə Azərbaycan vətəndaşlarının səs verməsi üçün hər bir şərait yaradılmış, müasir texniki vasitələrlə təchiz olunmuşdu. Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr sırasında seçkilərdə ilk dəfə iştirak edən gənclərə səfirik tərəfindən xüsusi hədiyyələr də təqdim olunub.

Moskva vaxtı ilə saat 19:00-da məntəqələr bağlanıb. Seçki qutularının açılması və səslərin sayılması prosesinə başlanılıb.