Cənub bölgəsində 421 məntəqədə səsvermə həyata keçirilir

Cənub bölgəsində 421 məntəqədə səsvermə həyata keçirilir

Azərbaycanın cənub bölgəsində növbədənkənar prezident seçkiləri aktiv şəkildə davam edir.

"Birxeber.Az"un Cənub bürosu xəbər verir ki, Lənkəranda seçki məntəqəsinə gələrək səs verən ən yaşlı sakin 104 yaşında olub.

Gün ərzində cənub bölgəsini (Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik) əhatə edən 7 dairə seçki komissiyası (DSK) üzrə 421 məntəqədə səsvermə prosesi həyata keçirilir. Səsvermə hüququ olan 341 min 389 nəfər üçün seçki qanunvericiliyinə uyğun olaraq lazımi şərait yaradılıb. Vətəndaşlar heç bir maneə və müdaxilə olmadan məntəqələrə gələrək səsvermə hüquqlarından sərbəst şəkildə istifadə edirlər.

Seçkilərdə 22 min 424 gənc ilk dəfə səsvermə hüququndan yararlanır.

74 saylı Masallı, 75 saylı Masallı-Yardımlı, 76 saylı Lənkəran-Masallı, 77 saylı Lənkəran şəhər, 78 saylı Lənkəran kənd, 79 saylı Astara və 80 saylı Lerik-Astara DSK-ları üzrə səs verən seçicilər arasında 100 və daha yuxarı yaşı olan 10 nəfər seçici qeydə alınıb. Onların çoxu yaşadıqları ünvanda səsvermədə iştirak ediblər. Məntəqəyə gələrək seçki bülletenini seçki qutusuna atan 104 yaşlı Lənkəran rayonu Xarxatan kənd sakini Qızvəs Səmid qızı Mehdiyeva olub. O, qeydiyyata alındığı 76 saylı Lənkəran–Masallı seçki dairəsinin 29 saylı məntəqəsində səs verib. Bölgənin ən yaşlı seçicisi isə 78 saylı Lənkəran Kənd Seçki Dairəsinin 36 saylı məntəqəsi üzrə seçicisi Əzizova Tamam Əli qızıdır. Onun 134 yaşının olduğu bildirilir.

Seçki prosesini yerli müşahidəçilərlə yanaşı, xarici müşahidəçilər də izləyir.