Gürcüstanda səs verən Azərbaycan vətəndaşları: "Bu gün tarixi gündür"

Gürcüstanda səs verən Azərbaycan vətəndaşları: "Bu gün tarixi gündür"

Gürcüstanda yaşayan və işləyən Azərbaycan vətəndaşları növbədənkənar prezident seçkiləri üzrə səsvermədə aktivlik göstərirlər.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, onlar səhər saatlarından başlayaraq Tbilisidə Azərbaycan səfirliyində yaradılan məntəqəyə gələrək səsvermə hüquqlarından istifadə edirlər.

Seçici Natiq Əliyev bildirib ki, burada körpü-bina tikinti şirkətində çalışır: “Bakıda isə Xətai r. Məzahir Rüstəmov 35 ünvanında yaşayırıq. Axalkali şəhərində çalışıram. Azərbaycan vətəndaşı kimi səsvermədə iştirak etməli idim".

Tbilisidə yaşayan Sabir Mustafayev də qeyd edib ki, Azərbaycan vətəndaşı olaraq səsvermədə iştirak etməli idi: "Səsvermə ölkəmizin gələcəyi üçün lazımdır. Biz bu gün seçimimizi düzgün etməliyik ki, ölkəmiz çiçəklənsin, inkişaf etsin. Mən də öz seçimimi etmişəm".

Xalid Namazov isə Gürcüstana işlə bağlı gəldiyini vurğulayıb: "İşimlə bağlı burada yaşayıram. Dəmiryolçuyam. Azərbaycanda isə Gəncə şəhərində yaşayırdım. Gəlmişik prezidentimizi seçək".

Səsvermədə iştirak edən Vüqar Aşırov isə deyib ki, bu gün Azərbaycan xalqı layiqli namizədini seçəcək: "Gəlmişik vətəndaşlıq borcumuzu yerinə yetirək. Bakıda yaşayıram, hazırda işimlə əlaqədar buradayam. Tbilisidə 8 ildir ki, fəaliyyət göstərirəm. Vətəndaşlıq borcu bildik ki, seçkilərdə iştirak edək. Xaricdə yaşayan azərbaycanlılar üçün də bu gün çox önəmli bir gündür. Hər kəsə də demək istəyirəm ki, gəlib səs versinlər".

Ailə üzvləri ilə səsvermədə iştirak edən Xanım Cəfərova vurğulayıb ki, Tbilisiyə qonaq gəlib: "Prezidentimizi seçməyə gəlmişik. Seçkilər olduğunu bilirdim, dedilər səfirlikdə səs vermək mümkündür, mən də gəldim səsimi verdim".

87 yaşlı seçici Vahid Qurbanovun sözlərinə görə, illərdir artıq seçkilərdə iştirak edir: "Mən hələ bu qədər fəxr və qürur hissəsi ilə seçkilərə gəlməmişəm. Ailəlikcə səs verməyə gəlmişik. Biz indi işğaldan azad etdiyimiz torpaqlarda seçkiləri keçiririk. Bundan başqa xoşbəxtlik ola bilməz".

18 yaşında olan Tələt Əliyev ilk dəfədir səsvermədə iştirak etdiyini bildirib: "Ad günüm 2 ay öncə oldu və 18 yaşım olan kimi də səsvermədə iştirak etmək qismət oldu. Əslində bu tarixi hadisənin bir parçası olmaq mənə də qismət olduğu üçün çox xoşbəxtəm. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı seçkilərdə iştirak edib öz liderini seçməlidir".