"Neftçi"nin rəqibi Bakıya itkilərlə gəlir

"Neftçi"nin rəqibi Bakıya itkilərlə gəlir

Avstriyanın "Rapid" (Vyana) komandasının futbolçusu Patrik Qrayl Bakıda "Neftçi"yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu buraxa bilər.

"Birxeber"un məlumatına görə, bu barədə Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer yerli mətbuata açıqlama verib.

43 yaşlı mütəxəssis bildirib ki, MRT müayinəsindən keçən avstriyalı hücumameylli yarımmüdafiəçidə ciddi zədə aşkarlanmasa da, hər şey oyunçunun vəziyyətdən asılı olacaq: "Onun daha bir neçə müayinəsi var. Görək məşqdə iştirak edə bilər, ya yox. Bundan sonra qərar verəcəyik ki, təyyarəyə minməsinin mənası varmı"?

Avstriyalı baş məşqçi digər zədəli futbolçu Martin Mormanın isə "Neftçi"yə qarşı oynamayacağının dəqiqləşdiyini söyləyib: "O, dizindən zədə alıb. 2 və ya 3 həftə, hətta daha uzun müddət yaşıl meydanlardan kənarda qala bilər".

Avstriya təmsilçisi Bakıya avqustun 3-də yola düşəcək.

Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.