Azərbaycan Ümumdünya Poçt İttifaqının yubileyi münasibəti ilə poçt markası buraxıb

Azərbaycan Ümumdünya Poçt İttifaqının yubileyi münasibəti ilə poçt markası buraxıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının (ÜPİ) yubileyi münasibəti ilə poçt markası buraxıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, fevralın 1-2-də İsveçrənin paytaxtı Berndə ÜPİ-nin 150 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib. Əlamətdar tədbirlərdə iştirak edən ÜPİ-yə üzv ölkələrin poçt operatorları poçt xidmətlərinin tarixi ilə tanış olmaq imkanı əldə ediblər.

“Azərpoçt”un təşəbbüsü ilə ÜPİ-nin 150 illiyi münasibətilə hazırlanmış xatirə markası 1 fevralda Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metokinin və Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Fuad İsgəndərovun iştirakı ilə möhürlənib və dövriyyəyə buraxılıb. Bu tədbirin gedişatında möhürlənən yeganə marka Azərbaycan markası olub.

M.Metoki bu təşəbbüsə görə Azərbaycan tərəfinə dərin təşəkkürünü bildirib. O, qeyd edib ki, sözügedən poçt markası artıq həm də ÜPİ-nin tarixinin bir hissəsidir.

Qonaqlara hədiyyə qismində markalı bukletlər təqdim olunub və “İlk gün” möhüründən istifadə imkanı yaradılıb.

Tədbirdə “Azərpoçt”un İdarə Heyətinin üzvü Xəyyam Əlizadə və Marka şöbəsinin müdiri Sitarə Hüseynova da iştirak ediblər.

1874-cü ildə əsası qoyulmuş və qərargahı Berndə yerləşən ÜPİ dünyanın ikinci ən qədim beynəlxalq təşkilatıdır və poçt sektoru iştirakçıları arasında əməkdaşlıq üçün əsas platforma rolunu oynayır.