“OPEC+” monitorinq komitəsi hasilatın həcminin dəyişdirilməsini tövsiyə etməyib

“OPEC+” monitorinq komitəsi hasilatın həcminin dəyişdirilməsini tövsiyə etməyib

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Nazirlərin Monitorinq Komitəsi (JMMC) alyansa neft hasilatının həcmini dəyişdirməyi tövsiyə etməyib.

Bu barədə “Birxeber.Az-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yaydığı rəsmi məlumata istinadən xəbər verir.

Komitənin iclası cümə axşamı onlayn formatda keçirilib. İclasın nəticəsi olaraq alyansın neft siyasətinin dəyişdirilməsi ilə bağlı heç bir təklif irəli sürülməyib.

“JMMC 2023-cü ilin noyabr və dekabr ayları üzrə xam neft hasilatı məlumatlarını nəzərdən keçirib və iştirakçı OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlıq bəyannaməsinə yüksək dərəcədə uyğun olduğunu qeyd edib”, - məlumatda bildirilir.

Qeyd olunur ki, JMMC-nin növbəti iclası aprelin 3-nə təyin edilib.

Xatırladaq ki, Azərbaycan “OPEC+”ın iştirakçısıdır. Razılaşma çərçivəsində 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.