Gürcü politoloqlar: "Tbilisidə siyasi dəyişikliklər Azərbaycanla münasibətlərə təsir etməyəcək"

Gürcü politoloqlar: "Tbilisidə siyasi dəyişikliklər Azərbaycanla münasibətlərə təsir etməyəcək"

Gürcü politoloqlar Gürcüstanda yeni Baş nazirin kimliyindən asılı olmayaraq Tbilisi-Bakı münasibətlərinin dəyişməyəcəyini bildiriblər.

Siyasi elmlər doktoru Malxaz Qulaşvili "Report"un yerli bürosuna açıqlamasında deyib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar.

“Uzun illərdir ki, bu istiqamətdə işlər görülür və layihələr icra edilir. İnanıram ki, yeni hökumətin gəlişi ölkələrimiz arasında olan dostluğu daha da möhkəmlədəcək. Bidzina İvanaşvili, İrakli Qaribaşvili hakimiyyətdə olan zaman Azərbaycan Gürcüstan üçün çox vacib strateji tərəfdaş olub, İrakli Kobaxidzenin də dövründə eyni cür olacaq", - o bildirib.

Politoloq söyləyib ki, yeni hökumət başçısı İrakli Kobaxidze olacaq: “Çünki İrakli Qaribaşvilinin istefa verməsindən öncə artıq bununla bağlı mətbuatda məlumatlar gedib. Bu cür informasiyalar isə boş yerə yayılmır”.

Malxaz Qulaşvili
Malxaz Qulaşvili

M.Qulaşvilinin fikrincə, yeni Baş nazirin seçilməsi Gürcüstanda hər sahədə sürətli inkişafa və irəliləyişə səbəb olacaq: "İstər biznes, istər siyasi istiqamətdə böyük uğurların qazanılması qarşıya hədəf kimi qoyulub. Çünki yeni heyət gələndə özünü təsdiq etmək üçün uğurlu layihələrə imza atmalıdır. İlk olaraq Gürcüstanın Avropa İttifaqı ilə bağlı çox böyük ümidləri var. Düşünürəm ki, yeni Baş nazirin dövründə Tbilisi Aİ-yə üzv olacaq".

Məsələni şərh edən bloger Georgi Çaxaya isə deyib ki, Bidzina İvanişvilinin növbəti dəfə siyasətə qayıtması Azərbaycanla münasibətlərə müsbət təsir göstərəcək. Çünki bütün baş verənlərin, qurulan əlaqələrin ideya müəllifi elə B.İvanişvilidir: "Hökumətin indiyədək qəbul etdiyi bütün qərarlar Bidzina İvanişvilinin tapşırıqlarına əsasən icra olunub. Hazırkı zamanda onun siyasətə yenidən qayıdışı isə ölkələrimiz arasında münasibətləri daha da möhkəmlədəcək".

Georgi Çaxaya
Georgi Çaxaya

Gürcüstanda fəaliyyət göstərən "Şəffaf Qafqaz" Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri Mübariz Qarayev də yeni hökumətin ölkəni sürətli inkişafa aparacağına əmindir: "Hakim Gürcü Arzusu Partiyası hakimiyyətdə olduğu dövrdə, Avropa İttifaqına namizəd statusunu əldə edə bilib. İndi isə Aİ qarşısında öhdəlikləri yerinə yetirmək üçün həm ölkə xaricində, həm də daxilində yeni simalara ehtiyac var. Ümid edirəm ki, bu hakimiyyət dəyişikliyi regionda sülhün möhkəmləndirilməsi və strateji tərəfdaşlarla münasibətlərin inkişafı istiqamətində daha vacib rol oynayacaq. Bidzina İvanişvilinin də siyasətə qayıtması Gürcüstanın daha güclü olacağına bir işarədir".

Mərkəz rəhbəri qeyd edib ki, İrakli Qaribaşvilinin partiya sədri olması ilə orada ciddi dəyişikliklər baş verəcək, çünki qarşıdan seçkilər gəlir: "Ona görə də regionlara yeni simalar, yeni yaradılacaq strukturlara daha həvəslə işləyən şəxslər lazımdır. Bu məsuliyyətli vəzifə isə seçkiqabağı İrakli Qaribaşviliyə tapşırılıb".

Mübariz Qarayev
Mübariz Qarayev

O vurğulayıb ki, yeni hökumətin dövründə Tbilisi ilə Bakı arasında münasibətlər daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək: "Bu regionun inkişafı üçün mütləqdir. Çünki böyük layihələrin icrası regionda sülhü tələb edir".

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib. O, 2013-cü ildən 2015-ci ilə qədər hökumət başçısı vəzifəsini icra edib. İ.Qaribaşvili ikinci dəfə 2021-ci ildə yenidən Baş nazir vəzifəsinə qayıdıb.