Dövlət Agentliyində yoxlamalar zamanı 44 hərbçi cəzalandırılıb

Dövlət Agentliyində yoxlamalar zamanı 44 hərbçi cəzalandırılıb

Strateji Obyektlərin Mühafizə Dövlət Agentliyində 2023-cü il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

Dövlət Agentliyindən Birxeber.Az-ya verilən məlumata görə, müşavirə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanılıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşvirədə çıxış edən Agentliyin rəisi general-mayor İlqar Abbasov bildirib ki, 2023-cü il ölkəmiz üçün uğurlu və mühüm siyasi, sosial və mədəni tədbirlərlə zəngin illərdən biri olub.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi” ilə əlaqədar 2023-cü il “Heydər Əliyev ili” elan edilib, bu münasibətlə təsdiq edilmiş tədbirlər planına əsasən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Aparatında və regional idarələrində il boyu silsilə tədbirlər keçirilib.

İlin ən əlamətdar hadisəsi, 2020-ci il II Qarabağ müharibəsində qazanılmış tarixi zəfərdən 3 il sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi olub. Beləliklə də, Xankəndində separatçı rejimin ləğv edilməsi ilə Azərbaycanın hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya tam yerinə yetirilib.

Dövlət başçısının Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar dövlət orqanları qarşısında daha mühüm vəzifələr qoyub.

Fəaliyyətini dövlət başçısının göstəriş və tapşırıqları əsasında quran Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən 2023-cü il ərzində ixrac neft və qaz boru kəmərlərinin, o cümlədən, qorunan şəxslərin və obyektlərin mühafizəsi təmin edilib, mühafizə olunan şəxslərə və obyektlərə qarşı yönələ biləcək terror, təxribat və hər hansı təhdidlərin vaxtında aşkar edilməsi və qarşısının alınması üçün zəruri işlər görülüb.

Belə ki, Azərbaycan Prezidentinin 04.03.2023-ci il tarixli 2059 saylı Fərmanı ilə Agentliyin strukturunda və ali zabit heyəti vəzifələrinin sayında dəyişiklik edilib, döyüş xidmətinin qeyri-aşkar formada yoxlanılması, mühafizə zonasında yerləşdirilmiş şübhəli əşyaların aşkarlanması hallarının ciddi nəzarətə götürülməsi idarə rəislərindən bir qayda olaraq tələb edilib. Nəticədə, 354 dəfə 895 yerdə (2022-ci il ərzində – 264 dəfə 670 yerdə) qeyri-aşkar yoxlamalar keçirilib.

İxrac neft və qaz boru kəmərlərinin mühafizəsinin daha da səmərəli təşkil edilməsi məqsədilə 05 oktyabr 2023-cü il tarixdə BP şirkəti ilə Agentliyin rəhbərliyi arasında işgüzar görüş keçirilib və “Qarşılıqlı əməkdaşlıq haqqında” Protokol, “Səngəçal terminalının razılaşdırılmış mühafizə Qaydalar”ı imzalanıb.

Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilib. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul ediliblər. 2023-cü il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib. Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 nəfər hərbi qulluqçusu mükafatlandırılıb. 15 nəfər hərbi qulluqçu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb. 24 nəfər hərbi qulluqçu Türkiyə Respublikasında müxtəlif sahələr üzrə kurslara göndərilib.

Agentlikdə aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılıb, onlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Qeyd olunub ki, hesabat dövründə Agentliyə yeni səlahiyyətlər verilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında ixrac neft və qaz boru kəmərlərinin mühafizə zonalarında müvafiq işlərin aparılması zamanı Energetika Nazirliyi ilə yanaşı, Agentliyin razlığının alınması öz əksini tapıb.

Hesabat dövründə Agentliyin maddi texniki bazasının gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb, xidməti fəaliyyətin təşkili üçün nəqliyyat vasitələri alınaraq idarə və şöbələrin istifadəsinə verilib, hərbi qulluqçuların keyfiyyətli əşya-geyim əmlakı və tanınma nişanları ilə təmin olunması davam etdirilib, Agentlik müasir tipli kompyuter və çap avadanlıqları ilə təmin olunub.

Çıxışın sonunda Agentiyin rəisi tələb edib ki, Prezident İlham Əliyev tərəfindən bu quruma göstərilən etimadı doğrultmaq üçün hər bir idarə, şöbə rəisi və hərbi qulluqçular məsuliyyətini dərk etməli, üzərinə düşən vəzifələri, döyüş tapşırıqlarını layiqincə və vaxtında yerinə yetirməli, müşavirədə sadalanan nöqsanların aradan qaldırılmasını təmin etməlidir.

Müşavirədə Agentliyin Aparatının və regional idarələrin rəisləri məruzələrlə çıxış ediblər.

Müşavirənin sonunda general-mayor İlqar Abbasov 7 fevral 2024-cü il tarixdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar, hər bir əməkdaşın seçkidə iştirakının təmin olunması, qorunan şəxslərə və obyektlərə yönələ biləcək hər hansı terror, təhdid və sair qanunazidd halların vaxtında aşkarlanması və qarşısının alınması üçün ayıq-sayıqlığın artırılması, mühafizə tədbirlərinin gücləndirilməsi barədə şəxsi heyətə göstəriş və tapşırıqlarını verib.