“Braqa”nın daha bir futbolçusu “Qarabağ”la oyunları buraxacaq

“Braqa”nın daha bir futbolçusu “Qarabağ”la oyunları buraxacaq

Portuqaliyanın “Braqa” klubunun daha bir futbolçusu UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunları buraxacaq.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, sol cinah müdafiəçisi Adrian Marin ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Yanvarın 14-də “Portu” ilə çempionat oyununda (0:2) sıradan çıxan ispaniyalı əməliyyat olunub. Həkimlər 27 yaşlı futbolçunun yalnız 4 həftədən sonra kollektivlə birgə olacağını açıqlayıb. Bu isə o deməkdir ki, Marin “Qarabağ”a qarşı fevralın 15-də və 22-də keçiriləcək qarşılaşmalarda məşqçilər korpusunun sərəncamında olmayacaq.

Qeyd edək ki, “Braqa”nın yarımmüdafiəçisi Bruma da zədə səbəbindən Azərbaycan çempionu ilə görüşləri buraxacaq.