Britaniyanın keçmiş müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır

Britaniyanın keçmiş müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasına qarşıdır

Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles Ukraynadakı münaqişənin dondurulması təkliflərinə qarşı xəbərdarlıq edib.

APA xəbər verir ki, sabiq müdafiə naziri bu barədə DPA-ya müsahibəsində danışıb.

"2014-cü ildə onlar münaqişəni dondurdular və 2014-cü ildən işğala qədərki dövrdə (2022-ci ilin fevralı -red.) Ukraynanın cəbhə xəttində 18 min əsgəri öldürüldü".

Sabiq müdafiə naziri deyib ki, Rusiya 2014-cü ildən sonra yenidən silahlandı, yenidən ordunu təchiz etdi və geri qayıtdı.

"Beləliklə, münaqişənin dondurulması ilə bağlı məsələ ondan ibarətdir ki, siz zəmanət verməli olacaqsınız", - nazir deyib.

O qeyd edib ki, Ukrayna da buna razı olmayacaq, çünki Britaniya, ABŞ, Almaniya və Fransa keçmişdə Kiyevə yardımı davam etdirmək üçün öz zəmanətlərini verməyə çalışıblar. "Əgər siz ukraynalı olsa idiniz, indi bizim zəmanətimizə həqiqətən etibar edərdinizmi? Bəs Ukraynaya münaqişəni dondurmağa inandırmaq üçün nə verərdiniz? Deyə bilərlər ki, bizə NATO üzvlüyünü verin".

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilər uğrunda mübarizəsini dayandırması müqabilində NATO üzvlüyünü qəbul etməyə hazır olub-olmayacağı ilə bağlı fərziyyəni soruşduqda, Ben Uolles dəqiq cavab verməyib: "Hesab edirəm ki, Fransa və Almaniya heç vaxt buna getməz. Mən razılaşmanın nə olacağı ilə bağlı fərziyyələr barədə danışmağı xoşlamıram. Buna Ukrayna qərar verməlidir, minlərlə insanı itirən Ukrayna xalqıdır. Və hazırda bizim üçün döyüşənlər də onlardır".

O bildirib ki, Rusiya da buna razılıq verməz: "Mən Rusiyanın da buna getdiyini düşünmürəm. Demək istədiyim odur ki, Rusiya “yox” deyəcək, amma son nəticədə biz Rusiyanı elə bir vəziyyətə gətirməliyik ki, o, itirəcək bir şeyin olduğunu bilsin", - Britaniyanın sabiq müdafiə naziri vurğulayıb.