Dövlət Vergi Xidməti tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirib

Dövlət Vergi Xidməti tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirib

İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətində nəzarət kassa aparatı operatorları və 20-yə yaxın aparıcı klinikanın nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, görüşdə nağdsız qaydada və nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə həyata keçirilən ödənişlər əsasında formalaşan dövriyyəsinin 50 %-i məbləğində verilən ƏDV güzəştindən istifadə vəziyyəti, həmçinin səhiyyə müəssisələri üzrə əmlak vergisi, muzdlu işlə əlaqədar gəlir vergisi ilə bağlı güzəşt və azadolmaların klinikaların iqtisadi göstəricilərinə təsiri kimi məsələlər müzakirə edilib.

Bundan başqa, Dövlət Vergi Xidmətinin funksional strukturlarının nümayəndələri səhiyyə sektorunda fəaliyyət göstərən ödəyicilərin vergi öhdəliklərinə əməletmə vəziyyəti, tibb müəssisələrində keçirilən vergi nəzarəti tədbirləri zamanı aşkarlanan qanunvericiliyin pozulması hallarından bəhs edib və bu istiqamətdə biznes nümayəndələrindən gözləntiləri diqqətə çatdırıblar. Səhiyyə müəssisələri tərəfindən əvvəlki tədbirlərdə səsləndirilən təkliflərlə bağlı görülən işlər barədə məlumat verilib, belə görüşlərin davamlı olacağı bildirilib.