Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır

Rifat Sultanzadə: Azərbaycanın özəl şirkətləri Türkmənistana investisiya qoymağa hazırdır

Azərbaycanın özəl şirkətləri Türkmənistana sərmayə qoymağa hazırdır.

“Birxeber.Az” xəbər verir ki, bunu “Caspian Logistics Solutions” (CLS) holdinq şirkətinin sədr müavini Rifat Sultanzadə “Xəzər-Qara dəniz regionunun gələcəyi Türkmənistana qoyulan sərmayələrdən asılıdır” mövzusunda Parisdə keçirilən ölkənin enerji sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə Beynəlxalq Forum (TEIF 2024) çərçivəsində təqdimatı zamanı deyib.

“Bu gün Türkmənistan mötəbər beynəlxalq əməkdaşlıq mərkəzidir, əsası Qurbanqulu Berdiməhəmmədov tərəfindən qoyulmuş və hazırda Prezident Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən neytrallıq, sülhsevərlik və açıq qapı siyasətinin əyani simvoludur.

Türkmənistan uzun illərdir ki, regionda yenilikçi və müxtəlif beynəlxalq proqramların təşəbbüskarı kimi çıxış edir. Bu, ölkənin regionda iqtisadi, logistika və iqlim təşəbbüsləri üçün davamlı inkişaf proqramlarına verdiyi hədsiz töhfəni müəyyənləşdirir”, – Sultanzadə qeyd edib.

Yük axınlarının optimallaşdırılması məqsədilə regionda həyata keçirilən logistika layihələrindən danışan CLS-in sədr müavini Türkmənistan ərazisindən keçən yeni nəqliyyat marşrutlarının inkişafı üçün bir neçə variantın nəzərdən keçirilməsini təklif edib: “Biz Əfqanıstan və Pakistan ərazisindən, habelə İran vasitəsilə Azərbaycanın Zəngəzur nəqliyyat dəhlizinə qoşulmaqla yeni marşrutların nəzərdən keçirilməsini təklif edirik. Təbii ki, İran nəqliyyat marşrutundan istifadə etmək üçün OFAC-ın icazəsi tələb olunacaq. Lakin bu marşrut layihənin üç iştirakçı ölkə tərəfindən öz aralarında və OFAC tərəfindən təsdiqlənməsi ilə Orta Dəhlizdə yük axınının yüngülləşdirilməsinə və sabitləşməsinə, eləcə də Türkmənistanla birgə Azərbaycan və Gürcüstana sərmayə qoymağa yardımçı olacaq ki, burada “Azərbaycanın Gömrük Nümayəndələri və Logistika Şirkətləri Assosiasiyası” bizə hərtərəfli kömək göstərəcək”.

O həmçinin vurğulayıb ki, bu halda İranda Xəzər dənizi boyu 1 520 millimetrlik dəmir yolu relslərinin tikintisinə investisiya qoymaq lazım gələcək: “Bu, təkər bazalarını dəyişdirmədən dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin keçidini sürətləndirməyə imkan verəcək”.

Holdinqin sədr müavininin sözlərinə görə, regionun logistika layihələrinə investisiya cəlb etmək üçün onlar “Black-Caspian Logistics Fund” logistik investisiya fondunun yaradılması üzərində işləyirlər: “Fondun adı tarixi xarakter daşıyır. 1886-cı ildə Rotşildlər ailəsi tərəfindən Azərbaycanda sənaye və logistikanın inkişafına güclü təkan vermiş “Xəzər-Qara Dəniz Neft Sənaye Cəmiyyəti” yaradılıb”.

Türkmənistan hökumətinin ətraf mühit və iqlim layihələrinin inkişafı üzrə plan və strategiyasını nəzərə alaraq, o, həmçinin holdinqin digər nümayəndəsi olan AZCHEMCO şirkətinin Türkmənistanın mineral gübrə istehsalçıları ilə əməkdaşlıqda və Türkmənistanda maye suda həll olunan gübrələrin istehsalına investisiyada maraqlı olduğunu bildirib.

Rifat Sultanzadə çıxışını böyük türkmən filosofu və şairi Məhdumqulu Fəraqiyə həsr olunmuş şeirlə yekunlaşdırıb, daha sonra “Azərxalça”nın istehsalı olan Azərbaycan milli xalçasının Türkmənistanın Dövlət Nümayəndəliyinə hədiyyə edib, eyni zamanda “Türkmənkimya” Şirkətlər Qrupunun və TULM-in yüksək ixtisaslı nümayəndə heyətinin əməkdaşlığın qurulması və türkmənmənşəli karbamidin daşınması üçün dəhlizin “dar yerlərinin” birgə öyrənilməsi üçün görüşlər keçirmək məqsədilə Azərbaycan və Gürcüstana səfərinə görə xüsusi təşəkkürünü bildirərib.

Sessiyanın sonunda Türkmənistanın özəl şirkəti “Rysqally Zahmet I.P.” və Azərbaycanın AZCHEMCO şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Xatırladaq ki, Forumun əsas məqsədi Türkmənistanın enerji sənayesinin bütün seqmentlərinə, o cümlədən istehsal, nəqliyyat və s. sahələrə birbaşa xarici investisiyaların cəlb edilməsi imkanlarını genişləndirməkdir.