Cəlilabadda faraş kartofun qiyməti kəskin ucuzlaşıb, fermerlər narazıdır

Cəlilabadda faraş kartofun qiyməti kəskin ucuzlaşıb, fermerlər narazıdır

Hazırda Cəlilabad rayonunun Maşlıq, Muğan və Söyüdlü kəndlərində istixana şəraitində yetişdirilən kartofun yığımı aparılır.

Fermerlərin "Report"un yerli bürosuna verdiyi məlumata görə, yığımın əvvəlində örtük altında yetişdirilən kartofun qiyməti 1 manat 30 qəpikdən etibarən satılmağa başlayıb. Lakin son günlər təklif olunan qiymət onları narazı salıb.

"Kartof məhsulunun becərilməsi çox xərc aparır. Kartofun sortundan asılı olaraq 1 hektar faraş kartof sahəsinə 7-9 min manat vəsait xərclənir. Hazırda təklif olunan qiymət bizi qane etmir. Çünki məhsulu alan sahibkarlar kartofu bizdən 80-90 qəpiyə istəyir. Lakin bu qiymət xərclərimizi belə qarşılamır. Heç olmasa, 1 manat civarında qiymət qalarsa, müəyyən qədər vəziyyətdən çıxmaq olar", - onlar vurğulayıblar.

Məsələ ilə bağlı Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda minə yaxın fermer kartof məhsulunu çıxarmağa başlayıb.

"Hər gün Rusiya bazarlarına 200-250 ton kartof göndərilir. O ki qaldı qiymət məsələsinə, bununla bağlı alıcılarla söhbət aparılıb və alış qiymətinin 1 manat civarında qalması təmin olunub. Lakin gələcəkdə açıq sahələrdə kartof çıxarılması zamanı məhsul bolluğu ilə əlaqədar qiymətlərin enməsi müşahidə oluna bilər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən il Cəlilabad rayonunda sahələrdən 160 min tona yaxın kartof məhsulu tədarük edilib.