Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir

Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir

İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi uzun illərdir iqlim diplomatiyasında ən çətin mövzulardan biri olub.

“Report” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bu gün Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində deyib.

“Bütün tərəflərin narahatlıqlarını başa düşmək və qərar vermələrinə kömək etmək üçün onları dinləyirik. Bu, ədalətli və iddialı yeni bir hədəfə çatmağımıza kömək edəcəkdir. Bununla belə, qeyd etmək lazımdır ki, iqlim maliyyələşdirilməsini açmağa imkan verəcək tək bir təşəbbüs yoxdur. Yeni hədəfi razılaşdırmaq üçün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) vəsaitlərin mümkün qədər səmərəli istifadə olunmasını təmin etmək üçün indiyədək görülən işlərə baxacağıq”, - o bildirib.

M.Babayev vurğulayıb ki, COP29-un sədrliyi çoxtərəfli maliyyə institutlarından tutmuş özəl sektora, maliyyə xidmətləri sənayesinə və xeyriyyə təşkilatlarına qədər geniş iştirakçılarla işləyir: “Bizə hər kəsin öz rolunu oynaması və öz töhfəsinin başqalarınınkına bərabər olduğuna əmin olması lazımdır”.