Heydər Əliyev Mərkəzində Qırğızıstanın incəsənət ustalarının konsert proqramı təşkil olunub - FOTO

Heydər Əliyev Mərkəzində Qırğızıstanın incəsənət ustalarının konsert proqramı təşkil olunub  - FOTO

Heydər Əliyev Mərkəzində Qırğızıstanın Mədəniyyət günlərinin açılışı münasibətilə incəsənət ustalarının konsert proqramı təşkil olunub.

Birxeber.Az-nın məlumatına görə, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov iştirak ediblər.

Tədbirə Qırğızıstanın xalq çalğı alətlərindən ibarət ansamblının müşayiət etdiyi yerli ozanın ifası ilə start verilib.

Daha sonra hər iki nazir çıxış üçün dəvət olunub.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq, Qırğızıstanın mədəniyyət günlərinin keçirilməsinin önəmindən danışıb.

O bildirib ki, bu hər iki ölkənin müstəqillik tarixində ilk belə tədbirdir:

"Bu kimi tədbirlər mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində mühüm rola malikdir. Azərbaycanda Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına böyük hörmətlə yanaşırlar. Bir neçə saat əvvəl Bakıdakı parklardan birində onun abidəsinin açılışı da məhz bu hörmətin bariz nümunəsidir. Sabah isə M. F. Axundov adına Mərkəzi Kitabxanada hər iki ölkənin tanınmış elm xadimlərinin iştirakı ilə geniş tədbir keçiriləcək. Azərbaycanda Qırğız Respublikasının mədəniyyət günlərinin keçirilməsi böyük əhəmiyyətə malikdir. Bir neçə gün sonra isə Qırğızıstanda Azərbaycan mədəniyyəti günlərinin açılış mərasimi keçiriləcək".
Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov isə bildirib ki, Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin keçirilməsi çox sevindirici hadisədir:

"Biz ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsində maraqlıyıq. Bu gün hər iki ölkə arasında mövcud olan dialoq bu sahədə qarşımızda geniş imkanlar yaradır. Hər iki xalqın mədəniyyəti bizə əcdadlarımızdan miras qalıb. Biz mədəni müxtəliflik sahəsində əməkdaşlığımızın bundan sonra daha da genişləndirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Tədbir qala-konsert proqramı ilə davam edib.