FHN Bakı Ali Neft Məktəbində mülki müdafiə ilə bağlı görüş keçirib

FHN Bakı Ali Neft Məktəbində mülki müdafiə ilə bağlı görüş keçirib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi Bakı Ali Neft Məktəbində mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar qarşılıqlı fəaliyyətin təşkili mövzusunda görüş keçirib.

Birxeber.Az nazirliyə istinadən xəbər verir ki, Bakı Ali Neft Məktəbinin təşəbbüsü ilə keçirilən görüşdə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Bakı Ali Neft Məktəbinin prorektorları Oqtay Rzayev, Babək Məmmədov və Sevda Zərgərova, eləcə də “Mülki müdafiə fənni” tədris olunan kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd əhalinin fövqəladə hallardan daha etibarlı mühafizə tədbirlərinin yeni metod və üsullarının həyata keçirilməsində elmi tədqiqatların rolu və bununla bağlı ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələr, ali təhsil müəssisəsində təhsil alan tələbələrin mülki müdafiə üzrə bilik səviyyələrinin yüksəldilməsi, “Mülki müdafiə” fənninin tədrisinin təkmilləşdirilməsi, tədrisin elmi-metodiki bazasının gücləndirilməsi, mövcud problemlərin həlli yolları və digər məsələlərin müzakirəsi olub.

Tədbirdə giriş nitqi ilə çıxış edən Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi kafedrasının tibb elmləri doktoru, əməkdar həkim Kənan Yusifzadə müvafiq sahədə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə belə tədbirlərin davamlı olmasının, Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə mülki müdafiə sahəsində FHN-in fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Sonra Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov Fövqəladə Hallar Nazirliyinin strukturu, mülki müdafiə işinin planlaşdırılması, təşkili və həyata keçirilməsi istiqamətində vəzifələri, fəaliyyəti, ölkədə mülki müdafiənin inkişaf istiqamətləri və bu sahədə son illər ərzində görülən işlər barədə danışaraq, mülki müdafiənin təbliği ilə bağlı müxtəlif tədbirlərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Baş idarə rəisi, həmçinin mülki müdafiə sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi, ölkənin mülki müdafiə planının hazırlanması istiqamətində görülən işlər, eyni zamanda respublikada keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti barədə ətraflı danışıb.

Mülki müdafiə sisteminin inkişafında elm və təhsilin rolundan bəhs edərək, bu sahədə elmi tədqiqatların aparılmasının, innovativ və texnoloji yeniliklərin tətbiq edilməsinin, “Mülki müdafiə” fənnini tədris edən kadrların biliyinin daim təkmilləşdirilməsinin vacibliyini qeyd edən N.Zamanov, “Mülki müdafiə fənni” üzrə tədris və tədris-metodiki vəsaitlərin, dərsliklərin, kitabların, o cümlədən elektron tədris vəsaitlərinin təhsil müəssisəsinin profilinə uyğun hazırlanmasının, mülki müdafiənin tədris sisteminin və maddi-tədris bazasının müasir dövrün tələbləri səviyyəsində qurulmasının, bu məqsədilə məlumat mübadiləsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəhmiyyətini vurğulayıb.

İnteraktiv formada keçən tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.