Dövlət büdcəsinin gəlirləri proqnozdan 700 mln. manata yaxın çox olub

Dövlət büdcəsinin gəlirləri proqnozdan 700 mln. manata yaxın çox olub

2024-cü ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 689,5 milyon manat və ya 8,1%, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4% və ya 944,3 milyon manat çoxdur.

Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 27%-ni təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% bəndi çoxdur.

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərinin 4281,7 milyon manatı və ya 46,4%-i vergi orqanlarının xətti ilə daxilolmaların, 3195,3 milyon manatı və ya 34,6%-i Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1469,9 milyon manatı və ya 15,9%-i gömrük orqanlarının xətti ilə daxilolmaların, 159,4 milyon manatı və ya 1,7%-i sair daxilolmaların, 118,8 milyon manatı və ya 1,3%-i dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 9,2 milyon manatı və ya 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşür.