Ucarda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

Ucarda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

“Aztelekom” MMC Ucar rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

APA-Economics” xəbər verir ki, Ucar şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 4781 təsərrüfatdan 768 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

Rayonun Rəstəcə, Qarabörk, Qazıqumlaq, Məlikballı, Çiyni, Qaradağlı, Lək, Xələc və Bərgüşad kəndlərində 11882 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılaraq təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə rayon ərazisində 2334 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,16 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74%-ni təşkil edir