Britaniya parlamenti qaçqınların Ruandaya deportasiyası haqqında qanun layihəsini qəbul edib

Britaniya parlamenti qaçqınların Ruandaya deportasiyası haqqında qanun layihəsini qəbul edib

Böyük Britaniya parlamenti miqrantların Ruandaya çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, sənəd yanvarın 17-də İcmalar Palatası tərəfindən üçüncü oxunuşda təsdiqlənsə də, Lordlar Palatası bütün bu müddət ərzində düzəlişlərin edilməsində israr edib. Qanunun aprelin 23-də yekun təsdiqi gözlənilir.

Martın sonunda Lordlar Palatasında qanunla bağlı səsvermə keçirilib, sonra qanun layihəsinin qəbulu aprel ayına qədər ertələnib. “The Guardian” yazıb ki, parlament üzvləri sənədin beynəlxalq hüquq normalarına uyğun gəlməməsi ilə bağlı layihəyə düzəlişin lehinə səs veriblər. Aprelin 22-də baş tutmuş səsvermənin nəticələri yalnız gecəyarı əldə edilib: Baş nazir Rişi Sunak, deputatlar Parlament Evində gecələməyə məcbur olsalar belə, qanun layihəsinin qəbulunun bütün mərhələlərini çərşənbə axşamına qədər tamamlamaqda israr edib.

Qeyd edək ki, britaniyalı qanunvericilər 2021-ci ildən təşəbbüsü qəbul etməyə çalışırlar. Onun mahiyyəti Birləşmiş Krallıqa qanunsuz daxil olan hər kəsi Ruandaya köçürməkdir. Məhz bu Afrika ölkəsində qanunsuz immiqrantların Böyük Britaniyada sığınacaq üçün müraciətlərə baxılmasının nəticəsini gözləyəcəkləri planlaşdırılır. 2023-cü ilin noyabrında Britaniya Ali Məhkəməsi belə bir sxemi qanunsuz elan etdib. Məhkəmə qərarına əsasən, Afrika ölkəsi siyasi sığınacaq axtaranlar üçün təhlükəlidir.

Britaniya KİV-ə görə, qanun layihəsinin qəbulu Britaniya hökumətini Avropa İnsan Haqları Məhkəməsində iddialara məruz qoya bilər, belə ki Avropa Məhkəməsi daha əvvəl Ruandaya sığınacaq axtaranların göndərilməsini qadağan etmişdi.

Xatırladaq ki, aprelin 22-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak qanunsuz miqrantların Ruandaya göndərilməsinin tarixini açıqlamışdı.

Bundan başqa, daha əvvəl “The Times” Birləşmiş Krallığın sözügedən qaçqınların Ermənistana yönləndirmə planları barədə öyrənmişdi.