BMT: UNRWA-nın əməkdaşlarına qarşı irəli sürülən iddialara sübut tapılmayıb

BMT: UNRWA-nın əməkdaşlarına qarşı irəli sürülən iddialara sübut tapılmayıb

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 12 əməkdaşına qarşı önə sürülən iddiaları araşdıran Müstəqil Təhlil Qrupu araşdırmanın nəticəsinə dair hesabatı təqdim edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə araşdırmalara rəhbərlik edən Fransanın keçmiş xarici işlər naziri Ketrin Kolonna jurnalistlərə açıqlamasında bildirib.

K.Kolonna deyib ki, ötən müddət ərzində üç müstəqil araşdırma təşkilatı ilə iş aparılıb, UNRWA-nın Qüds və İordan çayının qərb sahilindəki qərargahına və Təl-Əvivə səfərlər təşkil olunub. Araşdırma çərçivəsində Qəzzadakı UNRWA rəsmiləri, donor və ev sahibi olan ölkələr, BMT təşkilatları da daxil olmaqla 47 ölkə və təşkilatdan 200 nümayəndə ilə müsahibələr aparılıb.

Diplomat qeyd edib ki, hesabatda 32 minə yaxın personala malik olan UNRWA-nın bütün işçilərinin qərəzsizlik prinsipinə riayət etmək öhdəliyi olduğu vurğulanıb və humanitar yardım işçilərindən münaqişələrdə tərəf tutmamağı, siyasi, irqi, dini və ideoloji mövzularda iştirak etməməyi tələbi qeyd olunub.

K.Kolonna əlavə edib ki, araşdırmalar çərçivəsində UNRWA-nın əməkdaşlarına qarşı 7 oktyabr 2023-cü ildə İsrailə qarşı terror hücumlarında iştirak etmiş ola biləcəyinə dair iddiaları ilə bağlı sübut tapılmayıb.

Onun sözlərinə görə, hesabatda UNRWA-nın fəaliyyətinin səmərəliliyini artırmaq üçün 50-yə yaxın tövsiyə qeyd olunub ki, bu tövsiyələrin həyata keçirilməsi UNRWA-nın öz mandatını yerinə yetirməyə və lazım gəldikdə etimadı bərpa etməyə kömək olacaq.

Qeyd edək ki, UNRWA-nın 12 əməkdaşı oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı törətdiyi terror hücumlarında iştirakda ittiham olunur.