Gəncədə Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunub

Gəncədə Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunub

Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatlı, "Şərəf nişanı" və "Şöhrət" ordenli Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, digər rəsmilər, bəstəkarın nəvələri, Əməkdar artistlər Tahir İmanov və Cabir İmanov, idarə, təşkilat, müəssisə rəhbərləri və şəhər sakinləri qonaq qismində iştirak ediblər.

Bəstəkarın əsərlərindən ibarət konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı Mədəniyyət Nazirliyinin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Milli Konservatoriyasının, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə keçirilən “Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində baş tutub.