Almaniyalı nazir müavini: Nüvə enerjisi iqlim böhranının həlli üçün cavab deyil

Almaniyalı nazir müavini: Nüvə enerjisi iqlim böhranının həlli üçün cavab deyil

"Almaniya nüvə enerjisi ilə bağlı açıq mövqeyini ortaya qoyub. Biz bu enerjidən imtina etmişik, çünki hesab edirik ki, nüvə enerjisi təhlükəsiz deyil".


Birxeber.Az xəbər verir ki, bunu Almaniya XİN yanında Beynəlxalq İqlim Fəaliyyəti üzrə dövlət katibi və xüsusi nümayəndəsi (xarici işlər nazirinin müavini -red.) Cennifer Morqan jurnalistlərlə görüşündə deyib.


O bildirib ki, Almaniya cəmiyyəti də nüvə enerjisini təhlükəsiz hesab etmir, "onların bir çoxunun Çernobıl təcrübəsi var".
"Eyni zamanda nüvə tullantıları ilə nə edəcəyik sualı, onun yaratdığı təhlükə cəmiyyətdə narahatlığa səbəb olur. Həmçinin, Fukuşimada baş verənlər göstərdi ki, texniki imkanları ən yüksək səviyyədə olan sənayeləşmiş Yaponiya kimi ölkələrdə belə hallar ola bilər. Hesab edirik ki, nüvə enerjisinin riskləri kifayət qədər açıqdır. Həmçinin onun dəyəri ilə bağlı deyə bilərəm ki, yeni nüvə enerjisi infrastrukturunu qurmaq çox bahadır. Yəni bu enerji növünün yaratdığı tullantılar, sızma riskləri, maliyyə cəhətdən baha başa gəlməsi kimi dezavantajlarla yanaşı zaman məsələsi də əsas məqamdır. Nüvə enerjisi iqlim böhranın həlli üçün cavab deyil. Bu infrastrukturun tikilməsi zaman alır. Dubayda nüvə enerjisi ilə bağlı bir neçə ölkə bəyannamə qəbul etdi. Burada 2050-ci il hədəfə çatmaq ili kimi qeyd olunub. Amma 140-dan çox ölkə tərəfindən qəbul olunan bərpaolunan enerji ilə bağlı bəyannamədə bu enerjinin istehsalı və istifadəsində artımla bağlı hədəfə çatmaq üçün 2030-cu il göstərilib. Bərpa olunan enerji resursları daha ucuz başa gəlir, daha əlçatımlıdır, onun riskləri yoxdur, o yeni iş yerləri yaradır. İnsanlar başa düşür ki, çiçəklənən, təhlükəsiz, iqtisadi baxımdan səmərəli gələcək istəyirsinizsə, bunu bərpaolunan enerji təmin edir".