Xəzər Tağıyev: "Sığorta bazarında brokerlərin rolu getdikcə artır"

Xəzər Tağıyev: "Sığorta bazarında brokerlərin rolu getdikcə artır"

Azərbaycanın sığorta bazarında sığorta brokerlərinin rolu getdikcə artmaqdadır.

Bunu “Report”a açıqlamasında "Xəmsə" Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin direktoru Xəzər Tağıyev rəhbərlik etdiyi şirkətin Bakıda təşkil etdiyi "Post-konflikt ərazilərin bərpasına doğru inamlı addımlar" mövzusunda seminarda bildirib.

Onun sözlərinə görə, son illər ölkədə hüquqi şəxs sığorta brokerlərinin sayının 16-ya çatması bunun əyani təzahürüdür: “Bu şirkətlərin bir hissəsi birbaşa sığorta ilə məşğuldur, bir hissəsi isə təkrarsığorta sahəsində də xidmət göstərir. Bəzi sığorta brokerləri beynəlxalq brokerlərin bir filialı və yaxud nümayəndəliyi kimi fəaliyyət göstərir ki, bu da onlara beynəlxalq təcrübə, texnologiya və ekspertizaya çıxış imkanı yaradır, son nəticədə göstərilən xidmətlərin keyfiyyətinə müsbət təsir göstərir. Sevindirici haldır ki, bu aydan "Azərbaycan Sığorta Vasitəçiləri Assosiasiyası" İctimai Birliyinin yaradılmasına start verilib və biz "Xəmsə Broker" olaraq bu prosesdə fəal rol oynayırıq. Assosiasiyanın əsas məqsədlərindən biri sığorta brokerlərinin ümumi problemlərini araşdırmaq, birlikdə bu problemlərin həll yollarını axtarmaqdır".

"Xəmsə" Sığorta və Təkrarsığorta Brokeri"nin direktoru sığorta brokerlərinin sığorta şirkətləri ilə münasibətlərə dair münasibət bildirib: “Brokerlər onlara sığorta və təkrarsığorta sahəsində xidmətlər göstərir və sığorta şirkətlərinin ildən-ilə artan peşəkarlığını nəzərə aldıqda, onların tələbləri və gözləntiləri də müvafiq olaraq artır".

Onun sözlərinə görə, hazırda ölkəmizdəki sığorta qanunvericiliyi beynəlxalq standartlara uyğundur: “Bununla belə, qlobal iqtisadiyyatda mövcud tendensiyaları və dəyişiklikləri nəzərə alaraq, sığorta brokerlərinə təkcə daxili bazarda deyil, həmçinin beynəlxalq bazarlarda da getdikcə daha çox xidmət göstərmək imkanı yaranır. Bununla əlaqədar olaraq, biz "Azərbaycan Sığorta Vasitəçiləri Assosiasiyası" çərçivəsində təkrarsığorta xidmətlərinin beynəlxalq bazara ixracını stimullaşdırmaq üçün Azərbaycan Mərkəzi Bankına təkliflər paketi təqdim etməyi planlaşdırırıq ki, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına töhfə verəcək".