Səfir: Latviya minatəmizləmə sahəsində Azərbaycana yardım imkanlarını araşdırır - MÜSAHİBƏ

Səfir: Latviya minatəmizləmə sahəsində Azərbaycana yardım imkanlarını araşdırır - MÜSAHİBƏ

Latviya ilə Azərbaycan arasında münasibətlər diplomatik əlaqələr və müxtəlif sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat, təhsil və başqa sahələrdə əməkdaşlıq əsasında fəal inkişaf edir. Hər iki ölkə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi beynəlxalq təşkilatların üzvüdür ki, bu da onların qarşılıqlı əlaqələrini gücləndirməyə kömək edir.

Ticarət və ümumilikdə iqtisadiyyatla yanaşı, Latviya və Azərbaycan həmçinin mədəniyyət sahəsində də əməkdaşlıq edir, iki ölkənin xalqları arasında qarşılıqlı anlayış və dostluq münasibətlərini təşviq edən sərgi və tədbirlər təşkil edir.

Latviyanın Azərbaycandakı səfiri Edqars Skyja “Birxeber.Az”a müsahibəsində iqtisadi əməkdaşlığın inkişafı, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə mümkün dəstək, bərpa olunan enerji mənbələri üzrə birgə layihələr və s. barədə danışıb.

- Latviya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində hansı rol oynayır?

- Əvvəla, Latviya 20 ildir Aİ-nin üzvüdür, bu il biz Avropa ailəsinə və NATO-ya qoşulmağımızın 20 illiyini qeyd edirik. Bu, bizə Aİ daxilində müzakirələrdə böyük təcrübə qazandırır. Amma deməliyəm ki, Aİ Azərbaycanın ən böyük tərəfdaşı kimi həqiqətən də Azərbaycanla münasibətlərin davam etdirilməsinə və dərinləşdirilməsinə sadiqdir. Bu, Latviyanın mövqeyində də özünü göstərir.

Ona görə də biz Aİ-nin minatəmizləmə kimi layihələrini, genişmiqyaslı proqram olan iqtisadi investisiya planını dəstəkləyirik. Bu məsələdə digər Aİ üzvləri ilə eyni mövqedəyik və münasibətlərimizi dəstəkləyirik. Ola bilsin, Aİ daxilində siyasi debatlarda bəzi həssas elementlər var, çünki müxtəlif ölkələrdə müxtəlif baxışlar var. Bizim isə ötən əsrin 90-cı illərinin əvvəllərindən toplanmış öz təcrübəmiz var.

Sovet İttifaqı dağılandan sonra Baltikyanı ölkələrdə vəziyyət necə idisə, burada da eyni vəziyyət idi. Düşünürəm ki, bu, Cənubi Qafqazdakı münasibətlərin mürəkkəbliyini və vəziyyəti daha yaxşı başa düşmək imkanı yaradır. Odur ki, Baltikyanı dövlət kimi ötən əsrin 90-cı illərinin əvvəllərindən bu təcrübəni bölüşürük.

Hesab edirəm ki, ötən ilin sentyabrından bəri Cənubi Qafqaz regionundakı vəziyyəti sabit adlandırmaq olar və bu yaxşıdır. Bu, Aİ-dəki həmkarlarımız üçün də arqumentimizdir ki, sabitlik var və biz Azərbaycanla əlaqələri genişləndirməli və gücləndirməliyik. Amma hər bir proses, hər bir dialoq kimi bunun da iki tərəfi var, irəliləyiş, inkişaf hər iki tərəfdən asılıdır.

Amma hesab edirəm ki, Latviya Aİ-nin Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsinə və genişləndirilməsinə həqiqətən dəstək verən ölkələrdən biridir.

- Necə düşünürsünüz, Azərbaycanla Latviya arasındakı ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq mümkündür?

- Yeni səviyyə həqiqətən qeyri-adi və yeni bir şey olardı. Bu gün artıq çox yaxşı, müsbət və mehriban münasibətlərimiz var. Düşünürəm ki, müxtəlif sahələrdə əlaqələrimizi yalnız genişləndirə və dərinləşdirə bilərik. Ticarət-iqtisadi əlaqələrimiz yaxşı səviyyədədir. Fikrimcə, bizdə yaxşı siyasi dialoq, siyasi məsləhətləşmə, təcrübə, yenilik və müxtəlif beynəlxalq problemlər üzrə ekspert bilikləri mübadiləsi var.

Amma ticarəti, işgüzar əlaqələri və investisiyaları inkişaf etdirmək üçün daha çox çalışmalıyıq. Həqiqətən inkişaf etdirməli olduğumuz sahələr bax bunlardır. Amma hökumətlərarası əlaqələrə gəldikdə, hesab edirəm ki, onlar çox yaxşı səviyyədədir.

- Latviya bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu sahədə hansısa konkret layihələr gözlənilirmi?

- Bəli, artıq bir neçə konkret layihəmiz var və onların hamısı bərpa olunan enerji mənbələri, “yaşıl” enerji ilə bağlıdır. Şamaxıda və Gəncədə ictimai binaların işıqlandırılması ilə məşğul olan “Vizulo” adlı şirkətimiz var. Onlar bu sahədə uğurla işləyirlər. Tullantıların, plastiklərin və şüşələrin avtomatik çeşidlənməsi sahəsində texnologiyalarımız var. Hazırda bu təcrübəni Azərbaycanla bölüşmək prosesindəyik.

Amma bütün bunlar hələ də davam edən prosesdir. Bizim bilik və texnologiyamız var və bu təcrübəni bölüşmək üçün şirkətlər arasında əlaqələr qurmağı planlaşdırırıq. Bu, may ayında - Azərbaycanın biznes nümayəndə heyəti Riqaya gələndə baş verəcək. Bundan əvvəl isə burada, Bakıda bizim iş adamları ilə görüş keçirilməsi planlaşdırılır.

- 2018-ci ildə Latviyada Azərbaycanın Aİ-də ilk Ticarət Evi açılıb. Bunun iqtisadi əməkdaşlığın inkişafına və ticarət dövriyyəsinin artmasına necə təsir etdiyini deyə bilərsinizmi?

- Bildiyimə görə, Latviyadakı ticarət evi insanların həqiqətən bizneslə məşğul olduğu qurumdur. Bu mənada deməliyəm ki, biznes əlaqələrinin inkişafı istiqamətində fəaliyyət göstərən istənilən əlavə qurum müsbət dəyərləndirilir. İstərdim ki, səfirliyimizdə investisiya agentliyi, ticarət evi və ya buna bənzər nəsə bir şey olsun. Təəssüf ki, bizdə bu yoxdur.

Amma qeyd etməliyəm ki, Latviyadakı Azərbaycan Ticarət Evi istər ticarət, istər investisiya, istərsə də hər hansı digər layihə ilə bağlı Latviyaya marağı olan hər bir azərbaycanlı sahibkar, istənilən iş adamı üçün yaxşı imkandır.

- Ölkələr arasındakı ticarət dövriyyəsi haqqında məlumat verə bilərsinizmi?

- Bəli. Ötən il ixracımız 23 milyon avroya yaxın olub, Azərbaycandan idxal isə az olub. İxracın böyük hissəsi ərzaq məhsullarının - ət, süd və balıq, həmçinin əczaçılıq preparatlarının payına düşür.

- Latviya şirkətləri Qarabağdakı bərpa işlərində maraqlıdırlarmı? Əgər belədirsə, təklif olunan birgə layihələr haqqında məlumat verə bilərsinizmi?

- Bəli, təbii ki, maraqlanırıq. Düşünürəm ki, şirkətlərimiz həqiqətən də bu layihələrə daha çox diqqət yetirməlidirlər. Azərbaycan tərəfi də bildirdi ki, biz öz sərmayəmizlə gələ bilərik.

Yeri gəlmişkən, Qarabağ bölgəsində “ağıllı kənd”in layihəsini hazırlayan bizim memar olub.

Biz Qarabağ bölgəsində ağac əkməyi və əkin texnologiyalarını təmin etməyi planlaşdırırıq, lakin ilk növbədə yerli idarələrin buna reaksiyasının necə olacağına baxacağıq. Qeyd edim ki, artıq adını çəkdiyim “Vizulo” şirkəti də Qarabağda işləyir.

- Latviya Azərbaycanda mədəni tədbirlərin və sərgilərin təşkilində çox fəaldır. Ölkələr arasında humanitar əməkdaşlığı necə qiymətləndirərdiniz?

- Humanitar əməkdaşlığın səviyyəsini “əla” kimi qiymətləndirirəm. 100 ildir Azərbaycan yazıçılarımızın, rəssamlarımızın, ifaçılarımızın qonaq olduğu ölkədir.

Yulius Straume və Yazeps Qrosvalds burada yaşamış rəssamlarımızdır. Onlar Azərbaycanın gözəl təbiətindən həqiqətən də ilhamlanmışdılar.

Hazırda bizdə mədəniyyət layihələrinin icrası çox yaxşı səviyyədədir. May ayında Azərbaycan xalçaları ilə yaxından maraqlanan, onların naxışlarından nümunələr toplayan rəssamımızla bağlı sərgi açılacaq. Bu il onun anadan olmasının 150 illiyi qeyd olunacaq və onun kolleksiyası sərgidə nümayiş etdiriləcək.

Həmçinin Latviya yazıçısının Azərbaycan və Cənubi Qafqaz haqqında kitabı da Azərbaycan dilinə tərcümə olunub. Bu, iki səfirlik – bizim buradakı və sizin Riqadakı səfirliyiniz arasında əməkdaşlıqdır. Məncə, bu əladır. Bu kitabı parlamentimizin sədri mayın ikinci yarısında Bakıya gələndə səfər əsnasında təqdim edəcəyik.

Beləliklə, mədəniyyətimizi burada necə nümayiş etdirmək barədə çoxlu yaxşı ideyalarımız var. Bu isə Azərbaycanda insanlar tərəfindən yüksək qiymətləndirilir.

- Heç kimə sirr deyil ki, çox sayda azərbaycanlı tələbə təhsil almaq üçün Latviyanı seçir, bu barədə nə deyə bilərsiniz? Ölkələrimiz arasında tələbə mübadiləsi proqramı nəzərdə tutulurmu?

- Artıq konkret universitetlər arasında bağlanmış bir neçə müqaviləmiz var, məsələn, Latviya Dövlət Universiteti ilə ADA Universiteti arasında. Bundan əlavə, özəl orta məktəb olan Riseba Universitetimizin də Mingəçevir Universiteti ilə, Turiba Universitetinin isə yerli universitetlərlə müqaviləsi var. Həmçinin bakalavr və magistrlər üçün mübadilə proqramlarımız da var.

Hazırda Latviyanın təhsil müəssisələrində 255 azərbaycanlı təhsil alır. Gələn tədris ilində Azərbaycandan daha çox tələbəmizin olacağını gözləyirəm.

- Qeyd etdiniz ki, Latviya Aİ-nin Qarabağda minatəmizləmə layihələrini dəstəkləyir. Deyə bilərsinizmi, bu sahədə Azərbaycan hökuməti ilə birgə layihələr gözlənilirmi?

- Bəli, indi biz daha nə edə biləcəyimizi anlamağa çalışırıq. Resurslarımız Ukraynada minaların təmizlənməsini dəstəkləməyə yönəldilib. Amma biz Azərbaycan üçün təlimçilərin hazırlanması ideyasını irəli sürməklə bütün Aİ proqramını dəstəkləmişik. Görək necə olur. Bu, hələ həyata keçirilməyib, amma təlimçilərimiz var və onlar buradakı kadrları yetişdirə bilərlər. Bir sözlə, indi biz Aİ daxilində bir dövlət olaraq nə edə biləcəyimizi və bu işə nə töhfə verə biləcəyimizi aydınlaşdırmağa çalışırıq.