FHN Bakı Avropa liseyində təlim keçib

FHN Bakı Avropa liseyində təlim keçib

Fövqəladə Hallar Nazriliyinin (FHN) Bakı Avropa liseyində fövqəladə hallarla bağlı davranış qaydaları barədə müəllim və şagirdlərin maarifləndirilməsi məqsədilə təlim keçirib.

"Report" xəbər verir ki, təlim FHN-in Bakı Regional Mərkəzinin təşkilatçılığı və İctimaiyyətlə əlaqə idarəsinin dəstəyi ilə baş tutub.

Təlimdə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin, habelə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının heyəti iştirak edib.

Təlimin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə müvafiq biliklərin verilməsi olub.

Tədbiri giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirin məqsədi barədə məlumat verib, maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Təlimin nəzəri hissəsində FHN əməkdaşları fövqəladə halların təsnifatı, Azərbaycan üçün xarakterik olan fövqəladə hallar və bu zaman zəruri davranış qaydaları barədə məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, maarifləndirici videoçarxlar nümayiş olunub.

Praktik hissədə şərti zəlzələ həyəcanı elan edilib, zəlzələ zamanı düzgün mövqe seçimi və digər davranışlar müəllimlərin iştirakı ilə nümayiş olunub, şagirdlərin təxliyəsi və “ilkin tibbi yardımın göstərilməsi” əməliyyatları həyata keçirilib.