Gürcüstanda etirazçılar hökumət administrasiyasına yürüş ediblər, saxlanılanlar var - VİDEO - YENİLƏNİB

Gürcüstanda etirazçılar hökumət administrasiyasına yürüş ediblər, saxlanılanlar var - VİDEO - YENİLƏNİB

Tbilisidə Parlament binası qarşısına toplanmış etirazçılar hökumət administrasiyasına yürüş ediblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, minlərlə etirazçı Baş nazir İrakli Kobaxidzenin nümayiçilərin qarşısına çıxmasını tələb edirlər.

Əraziyə çox sayda polis cəlb edilib, gərginlik artıb.

Aksiyaçılar polisə su şüşələri atıblar, saxlanılanlar var.

Ərazidə internetdən istifadədə problemlər var.

***

Saat 21:27

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə əlaqədar dörd gündür parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu gün aksiyada iştirak edənlərin sayı əvvəlki günlərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Hazırda parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayan minlərlə etirazçı "Rusiya qanununa yox", "Avropaya hə, Rusiyaya yox" şüarları səsləndirirlər.

Etiraz aksiyasına müxtəlif universitetlərin tələbələri də qoşulub. Əvvəlki günlərdən fərqli olaraq bu gün əraziyə xüsusi təyinatlı polis dəstələri səfərbər edilməyib, onların avtobuslarda gözlədildiyi bildirilir.

Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.