Tərlan Əhmədov: Daha motivasiyalı və risk edən klublar mükafatçılar sırasına düşəcəklər

Tərlan Əhmədov: Daha motivasiyalı və risk edən klublar mükafatçılar sırasına düşəcəklər

Daha motivasiyalı və risk edən klublar mükafatçılar sırasına düşəcəklər.

Bunu “Birxeber.Az”a açıqlamasında veteran futbolçu Tərlan Əhmədov deyib.

Azərbaycan Premyer Liqasındakı son vəziyyət barədə danışan 52 yaşlı mütəxəssis ölkədə “Qarabağ”a layiq rəqib olmadığını bildirib: “Ağdam klubunun çempionluğu vaxtından tez rəsmiləşdirəcəyini hələ noyabrda demişdim. Mövsümün əvvəlində bir az büdrəmə oldu. Lakin bu da avrokubok oyunlarına görə idi”.

Əhmədov mövsümün sonunda Premyer Liqada mükafatçılar sırasına düşə biləcək komandalarla bağlı danışıb: “Əvvəl “Neftçi”nin asanlıqla ikinci pillədə möhkəmlənəcəyini düşünürdüm. Son matçlar göstərdi ki, buna tam hazır deyillər. Komanda yeni baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında da qeyri-sabit oyun nümayiş etdirir. Eyni sözləri “Zirə” və “Sabah” klubları barədə də demək olar. Xüsusilə “Sabah”da ardıcıl məğlubiyyətlərdən sonra yeni baş məşqçi təyinatı reallaşdı. Lakin görünən budur ki, Krunoslav Renduliçin gəlişi də ciddi dəyişiklik gətirməyib. Baxmayaraq ki, son qarşılaşmada “Qarabağ”ı məğlub etdilər. Fikrimcə, “Turan Tovuz” digər klublara nisbətən daha yaxşı vəziyyətdədir. Bu cür davam etsələr, avrokuboklara vəsiqə qazana bilərlər”.

Veteran müdafiəçi “Qəbələ”nin mövsümü sonuncu sırada bitirəcəyini, lakin I Liqaya düşəcəyinə inanmadığını söyləyib: “Mənə elə gəlir, hansısa bir yolla Premyer Liqada qalacaqlar. Ola bilsin, yarışın reqlamenti dəyişdi. Bəlkə də bu səbəbdən oyunlara arxayın çıxırlar”.

T.Əhmədov “Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunan Elmar Baxşıyevlə bağlı fikirlərini bölüşüb: “Elmara uğurlar arzu edirəm. Komandası 8-ci pillədə yer alsa da, hər an mövqeyini itirə bilər. Son oyunda "Neftçi"yə böyük hesabla məğlub olublar. Onun üzərinə böyük məsuliyyət düşür”.