“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib

Aprelin 17-də “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

"Birxeber.Az" xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, deputatlar, həmçinin dövlət qurumları, özəl müəssisələrin rəhbər heyəti və digər qonaqlar iştirak ediblər.

Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabat təqdim edib, 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr barədə ətraflı məlumat verib:

"COP29-a hazırlıq çərçivəsində ölkədə aparılan təbliğat işləri orta məktəblərdə də öz bəhrəsini verir. Bunun nəticəsi olaraq, müsabiqəyə təqdim edilən ekologiya və ətraf mühitlə bağlı layihələrin sayı ötən illə müqayisədə ciddi dərəcədə yüksəlib. "Sabahın alimləri" müsabiqəsi üzrə qeydiyyatdan keçən 652 layihədən 113-ü sərgidə iştirak hüququ qazanıb".

Elm və təhsil naziri Emin Əmrullayev və gənclər və idman nazirinin müavini İndira Hacıyeva da müsabiqəyə qatılan şagirdlərə uğurlar arzulayıblar..

Qeyd edək ki, "Sabahın alimləri" müsabiqəsində növbəti iki gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Bununla yanaşı, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.