Deputatlar ölkədə süni torpaq sahələrinin yaradılmasına münasibət bildirib

Deputatlar ölkədə süni torpaq sahələrinin yaradılmasına münasibət bildirib

Niderland və bir sıra digər ölkələrin ərazisinin bir hissəsi süni torpaq sahələrinin yaradılması hesabına formalaşıb.

“Report” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Dəniz üzgüçülüynə maneə yaradan süni torpaqların yaradılması qadağandır. Bununla bağlı hansı meyarlar müəyyənləşdiriləcək? Xəzərdə xeyli sayda istifadəsiz adalar var. Süni torpaq sahələrinin salınması zamanı baş planın necə hazırlanacağı da vacibdir. Çünki süni istifadə hallarına burada da rast gəlinə bilər. Süni torpaq sahələrinin salınması üçün 3-6 illik müddətin müəyyənləşdiriməsi hansı əsaslarla müəyyənləşdirilib?. Süni torpaq sahələrinin icarəyə götürülməsi zamanı haqların müvafiq icra hakimiyyəti orqanına ödənilməsi zaman hansı əsaslar müəyyənləşdirləcək? Bu suallar var", - deyə o qeyd edib.

Deputat Vahid Əhmədov isə deyib ki, Xəzər dənizində tikilən obyektlər ekoloji təmiz obyektlər olmalıdır ki, ekoloji problem yaşanmasın: "Dənizdə və sahildə obyekt tikinti məsələsi bir-birindən ayrılmalıdır. Dənizdə süni torpaq sahələrinin yaradılmasına və sahil xətti boyunca torpaq sahələrinin qorunmasına fərqli yanaşma olmalıdır. Qaradağ rayonunda böyük bir obyekt yaradılırdı. Amma sonradan davam etdirilmədi və yarımçıq saxlanıldı".

Deputat Ziyad Səmədzadə isə bildirib ki, süni torpaq sahələrinin yaradılmasına Nargin adasından başlamaq olar: "Bu Azərbacan xalqının arzusudur ki, orda tikinti işləri aparılsın".

Deputat Elnur Abdullayev isə deyib ki, Xəzərdə yaradılacaq süni torpaqlarda bərpa olunan enerji infrastrukturunun yaradılmasının böyük iqtisadi əhəmiyyəti var: "Azərbaycanda bərpa olunan enerjinin böyük potensialı var. Xəzərdə də bu potensialdan istidfadə edilməlidir".