Fransa-Rusiya qarşıdurması açıq müstəviyə keçir: Paris Moskvanın başlıca geosiyasi rəqibinə çevrilir - TƏHLİL

Fransa-Rusiya qarşıdurması açıq müstəviyə keçir: Paris Moskvanın başlıca geosiyasi rəqibinə çevrilir - TƏHLİL

Dünyanın geosiyasi xəritəsi sürətlə dəyişir, qlobal güclərin ənənəvi təsir zonaları tədricən onların əlindən çıxır.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi də beynəlxalq münasibətlər sistemində əsaslı silkələnmələrə, yeni dünya düzəninin formalaşmasını sürətləndirməyə səbəb olub. Bu geosiyasi çalxalanma şəraitini öz hərbi, siyasi və iqtisadi ambisiyaları üçün əlverişli fürsət bilən Fransa beynəlxalq münasibətlər sistemində öz yerini və rolunu artırmağı qarşısına məqsəd qoyub. Bu rəqabət isə, əsasən, Rusiya ilə gedir və bir neçə istiqaməti əhatə edir. Faktiki olaraq, Fransanın Rusiyanın de-fakto əsas geosiyasi rəqibinə çevrildiyini demək olar.

Rəsmi Parisin Moskvaya qarşı proksi-qarşıdurması ən aktiv şəkildə Rusiya-Ukrayna müharibəsi kontekstində aparılır. Belə ki, Fransa bu müharibədən beynəlxalq hüququn prinsiplərinin pozulması pərdəsi altında öz geosiyasi maraqlarını reallaşdırmaq, Ukraynada hərbi platsdarm yaratmaq, Rusiyanı hərbi güc kimi sıradan çıxarmaq, MDB məkanında onun yerini almaq üçün istifadə edir.

Rusiyanın məğlubiyyətinə hesablanan müharibənin əsas benefisiarı kimi rəsmi Paris üzvü olduğu Avropa İttifaqının gündəliyinə zidd yanaşma sərgiləyir, eskalasiyanı artıracaq xətt seçir. Bu özünü fevralın 26-da Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin iştirakı ilə Ukraynaya dəstəklə bağlı keçirilən görüşdə biruzə verdi. Makron Qərb dövlətlərinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlyü mövzusunu qaldıraraq bu məsələdə konsensus əldə edilməsə də, gələcəkdə belə bir ssenarinin olmasını istisna etmək etmədi. Fransa liderinin Rusiya ilə potensial hərbi münaqişəyə səbəb ola biləcək açıqlaması diplomatik partlayış effekti yaratdı. Amma konfransdan sonra iclasda iştirak edən əksər ölkələrin nümayəndələri Ukraynaya qoşun yeritməyi planlaşdırmadıqlarını və Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakına qarşı olduqlarını bəyan etdilər.

Beləliklə, Makronun şəxsi istəyini bütün Avropa İttifaqı ölkələrinə şamil etmək cəhdi baş tutmadı. Lakin Fransa qeyri-rəsmi şəkildə Ukrayna münaqişəsində iştirak edir. Paris Ukraynaya hərbi texnika, kəşfiyyat və logistika dəstəyi ilə yanaşı, könüllü adı altında muzdlu hərbi dəstələri yönləndirməyə çalışır.

Təsadüfi deyil ki, Qərb mediasında Fransa ordusunun keçmiş və hazırkı hərbçilərinin Ukraynada ölməsi və yaralanması barədə müntəzəm məlumatlar verilir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin isə bir müddət əvvəl Parisin Ukraynada döyüşmək üçün 2 min nəfərdən ibarət kontingent hazırladığını açıqlayıb.

Bəzi mənbələr Fransanın Qarabağ ermənilərdən ibarət legion hazırladığını və Rusiyaya qarşı istifadə etmək planları olduğunu da qeyd edir.

Paralel olaraq, Rusiyada “Crocus City Hall”da baş verən dəhşətli terror aktı ilə bağlı Fransanın adı hallanıb. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının baş katibinin müavini, eks-prezident Dmitri Medvedevin baş verənlərdə Makronu ittiham etməsi təsadüfi sayılmamalıdır. Güman ki, Rusiyanın aidiyyəti strukturlarının terror barədə daha dərin məlumatları var və bu mövzuda araşdırmalar davam edir.

Makron hakimiyyəti geosiyasi oriyentasiyasını dəyişmək üçün Cənubi Qafqaz regionunu yaxın-uzaq bütün oyunçulara açan Ermənistanı da öz qanadı altına almağa, Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır. Ermənistanın təhlükəsizliyinin təhdid olunması bəhanəsi altında rəsmi Paris Rusiya kontingentinin Gümrüdən çıxarılmasına, İrəvanı silahlandırmaqla, revanşizm əhvalını artırmaqla regionu yenidən silah poliqonuna çevirməyi planlaşdırır.

Azərbaycanla Ermənistan arasında sülh sazişi də Parisin Cənubi Qafqaz siyasəti üçün qəbuledilməzdi və bu mövzuda İrəvana təzyiqlər göstərir.

Digər tərəfdən, Fransa ona tabe olmayan siyasətçiləri məhv etdiyi, neokolonial siyasətini XXI əsrdə də yürütməyə davam etdiyi Afrikada ciddi uğursuzluq yaşadı. Fransa uzun illər koloniyası olan, siyasi təsirinin və hərbi mövcudluğunun qaldığı Mali, Mərkəzi Afrika Respublikası kimi ölkələrdən çıxdı. Uzun illər Qərbi Afrikada əsas dayağı olan Nigerdən ötən il çıxarılması isə Makronun Afrika siyasətinin iflasa uğraması demək idi. Əvəzində Rusiyanın regionda hərbi, siyasi və iqtisadi rolu artıb.

Fransa ilə Rusiyanın əsas rəqabət meydanlarından digəri silah satışı ilə bağlıdır.

Sirr deyil ki, Fransa Rusiyanı geridə qoyaraq ABŞ-dan sonra dünyanın 2-ci ən böyük silah ixracatçısı olub. Əgər 2014-2018-ci illərdə Rusiya dünya silah bazarının 21%, Fransa isə 7%-nə sahib idisə, artıq növbəti 5 illikdə hər iki ölkənin payı təxminən 11% təşkil edir.

Rəsmi Paris dünyaya zirehli maşınlar, sualtı qayıqlar, hərbi gəmilər, döyüş təyyarələri satır. Və maraqlısı odur ki, Fransa özünə yeni satış bazarları, tərəfdaş ölkələr cəlb edərkən əsasən Rusiyanın ənənəvi partnyorlarını cəlb etməyə çalışır.

Rusiya silahının ənənəvi alıcısı olan Hindistan, Misir, İndoneziya, Ermənistan bu gün Fransa ilə silah müqavilələri imzalayıb.

Fransanın Rusiyanın əlindən aldığı sonuncu ölkə isə Moskvanın tarixi dostu sayılan Serbiyadır. Belə ki, Serbiya Prezidenti Aleksandar Vuçiç yaxınlarda ölkəsinin Fransadan 12 ədəd “Rafale” qırıcı təyyarəsi alacağını bildirib. Bu, Serbiyanın uzun illər ərzində Rusiyadan modernləşdirilmiş “MiQ-29M2” və sonradan Su-57 alacağı ilə bağlı gözləntilərə də son qoydu.

Rəsmi Paris 2024-2030-cu illər ərzində hərbi xərclərə ümumilikdə 413 milyard avro ayırmağı planlaşdırır.

Bütün bunlar belə deməyə əsas verir ki, Fransanın əsas hədəflərindən biri Rusiyanı silah bazarından sıxışdırıb çıxarmaq, alıcı ölkələri istehsal etdiyi silah və texnologiyalardan asılı vəziyyətə salmaqdır.

Makronun Berjerak şəhərində barıt istehsalı zavodunun açılışı zamanı ölkənin hərbi iqtisadiyyata keçidini sürətləndirməsi ilə bağlı çıxışı da Fransanın artan hərbi ambisiyalarından xəbər verir.

Baş verənlər Emmanuel Makronun başçılığı altında Fransanın hədsiz ambisiyaları səbəbindən təkcə regional deyil, qlobal miqyasda da beynəlxalq sabitliyin pozulması yönündə addımlar atdığını söyləməyə əsas verir.

APA Analytics