ADY: Dəmiryol keçidlərində baş verən qəzalarda dörd nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində baş verən qəzalarda dörd nəfər xəsarət alıb

Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, bu gün saat 00:28 radələrində ADY-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 10-EK-522 olan “Jiquli” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

Toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Digər bir hadisə isə saat 04:50 radələrində Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan "Toyota Prius" markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.

Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar.