Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Aprelin 15-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə nəqliyyat və turizm sektorlarının nümayəndələri ilə görüş keçirilib.

"APA-Economics"in RİNN-ə istinadən xəbərinə görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin iştirakı ilə təşkil olunan tədbirdə “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri təmsil olunublar.

Nazir Rəşad Nəbiyev nəqliyyat sistemini turistlər üçün daha əlverişli edən əlçatanlıq, təhlükəsizlik, davamlılıq kimi qlobal səviyyədə tanınan xüsusiyyətlər üzrə ölkəmizdə görülmüş və planlaşdırılan işlər barədə danışıb.

Sədr Fuad Nağıyev daxili və xarici turizm sahəsinin inkişafının nəqliyyat sistemi və infrastrukturu ilə birbaşa əlaqəli olduğunu, mövcud sahələrin sinxron inkişafının vacibliyini vurğulayıb.

“Təsadüfi deyil ki, 2024-cü ilin yanvar-mart aylarında ölkəyə ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz daha çox turist gəlib”, - deyə qeyd olunub.

Görüşdə səmərəli nəqliyyat sisteminin turizmin inkişafında rolu, hava və yerüstü nəqliyyat (dəmiryolu və avtomobil nəqliyyatı) sahəsində şirkətləri maraqlandıran məsələlər və dövlət-özəl tərəfdaşlığının əhəmiyyəti müzakirə olunub.

Bildirilib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanda uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq standartlara uyğunluğu 80% səviyyəsində qiymətləndirib.

Görüş zamanı turizm şirkətlərinin və nəqliyyat qurumlarının təmsilçilərinin təklifləri dinlənilib.