Qədir Hüseynov: Nicat Abasov növbəti turlarda qələbə üçün şans əldə edə bilər

Qədir Hüseynov: Nicat Abasov növbəti turlarda qələbə üçün şans əldə edə bilər

Növbəti 5 tur həlledici olacaq. Çünki oradakı rəqiblər İddiaçılar Turnirində qalib gəlmək istəyirlər və Nicatla görüşlərdə riskə gedəcəklər. Bu qarşılaşmalarda qələbə üçün şans da ola bilər.

Bunu "Birxeber.Az"a açıqlamasında Azərbaycan şahmatçısı Qədir Hüseynov Nicat Abasovun Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində çıxışı barədə danışarkən deyib.

35 yaşlı qrossmeyster təmsilçimizin öz reytinqinə uyğun oynadığını söyləyib: "Bu, çox çətin yarışdır. Hər rəqib Nicatdan reytinqdə üstündür. Maqnus Karlsendən və hazırkı dünya çempionu Dinq Lirendən başqa dünyanın ən güclü şahmatçıları burada iştirak edirlər. Məncə, Nicat layiqli çıxış edir. Əsas favoritlərdən hesab edilən Yan Nepomnyaşi ilə iki görüşdə heç-heçə edib. İkinci dövrəni hələlik yaxşı başlayıb, iki qarşılaşmada bir xal toplayıb. Start həyəcanı deyilən bir şey var. Bu da bir az özünü göstərdi. Hazırda Nicat daha rahat oynayır. Onsuz da əsas məsələ təcrübə qazanmaqdır. Heç olmasa, bir qələbə ilə yarışı bitirmək olar. Hazırkı çıxışı orta qiymətləndirmək olar".

Milli üzvü Abasovun məğlub olduğu qarşılaşmalara toxunub: "Hazırda 9 oyun keçib. Nicat birinci dövrədə 7 görüşdən 2 xal toplamışdı. 3 oyunda uduzdu, 4 qarşılaşma isə heç-heçə yekunlaşdı. İlk məğlubiyyət Fabiano Karuana (ABŞ) ilə dueldə oldu. Bu görüşdə yaxşı mübarizə aparırdı. Lakin vaxt az olanda səhvə yol verdi. İkinci yenilgini Dommaracu Qukeşdən (Hindistan) almışdı. Nicat burada oyunun debütündən sonra normal vəziyyət əldə etmişdi. Lakin sonradan bir neçə səhvə yol verdi. Rəqibin vaxt azlığı səbəbindən vəziyyətdən çıxmışdı və bərabərliyə yaxın idi. Amma sonradan qeyri-dəqiq oyunla uduzmuşdu. Rameşbabu Praqnanandhaya (Hindistan) yenildiyi görüşdə də çox çətin duruma düşmüşdü, vəziyyəti də düzəltmişdi. Təəssüflər olsun ki, kobud səhv edərək məğlubiyyətlə üzləşdi".

Qeyd edək ki, Nicat Abasov bu gün ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Abasov hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 4,5 xalla 4-6-cı yerləri bölüşdürür.

Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.