BTC ilə tranzit neftin nəqli 37%-dən çox artıb

BTC ilə tranzit neftin nəqli 37%-dən çox artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda neft kəmərləri ilə 9 664 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1,72% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 7 267,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 0,3% çoxdur.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 80,7%-i və ya 5 866,9 min tonunu Azərbaycanda hasil edilən neft, 19,3%-i və ya 1 400,3 min tonunu (37,2% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6%-i və ya 24 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4%-i və ya 5 240,7 min tonunu (2,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.