Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard 474,2 milyon manatlıq, o cümlədən 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 4,9 % artıb.

Hesabat rübündə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,1 %-i ərzaq məhsullarının, 4,9 %-i içkilər və tütün məmulatlarının, 15,1 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 %-i avtomobil benzini və dizel yanacağının, 4,5 %-i elektrik malları və mebellərin, 2,3 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat rübündə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,1 %, fərdi sahibkarlar üzrə 2,8 %, bazar və yarmarkalarda 1,5 % artıb.

Hesabat rübündə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,9 manatlıq, o cümlədən 246,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 194,1 manatlıq qeyri-ərzaq malları alıb.