Xalq rəssamı Qəyyur Yunusun "Sağ əlin sərvəti" sərgisinin açılışı olub

Xalq rəssamı Qəyyur Yunusun "Sağ əlin sərvəti" sərgisinin açılışı olub

Tanınmış rəngkar və xalq rəssamı Qəyyur Yunusun "Sağ əlin sərvəti" adlı 75 illik yubiley sərgisinin açılış mərasimi keçirilib.

"Birxeber.Az" xəbər verir ki, Müasir İncəsənət Muzeyində baş tutan mərasimdə sənət adamları, media nümayəndələri və ziyarətçilər iştirak edib.

Sərgidə rəssamın son zamanlarda yaratdığı 72 ədəd rəngkarlıq və qrafik əsərləri nümayiş etdiriləcək. Həmin əsərlər Azərbaycanın və İslam dünyasının zəngin mədəni köklərini əks etdirən simvolik elementlərdən ilhamlanıb, eyni zamanda müasir incəsənət texnikaları ilə birləşərək, Qəyyur Yunusun özünəməxsus üslubunu vurğulayır.

Xalq rəssamı Qəyyur Yunus bildirib ki, fərdi sərgilərin mahiyyəti başqa olur:

"Ümid edirəm ki, sərginin gedişatı izləyənləri sevindirəcək. Təsviri sənətlə bağlı sərgilərin, albom, kataloqların hazırlanması sevindirici haldır. Bütün dünyada təsviri incəsənətlə bağlı sərgilər müxtəlif səviyyələrdə keçirilir. Bu sərgilər və verəcəyi mənəvi qida insanları ruhən zənginləşdirir".

Onun sözlərinə görə, hazırda İslam dünyasında bugünədək məşhur rəssamların adlarına demək olar ki, rast gəlinmir:

"Çox təəssüf ki, İslam dünyasında elə bir rəssam adı çəkə bilmirik ki, Pablo Pikasso, Leonardo Da Vinçi kimi adı məşhur olsun. Səbəb isə inhisar, monopoliyadır. İslam dünyasında mütəvazilik var. Müsəlman rəssamları təkəbbürlülük edib, özlərini çox önə vermirlər".

Sərginin kuratoru Rəsul Həsən bildirib ki, Qəyyur Yunusun əsərində haqq, ədalət özünü göstərir:

"Sanki Qəyyur Yunusun əsərlərində xoş auralar var. Onun özünəməxsus üslubu var. Əgər biz Şərq aləminin rəsm əsərləri nümunələrini dünyada tanıtsaq, onun əsərləri dünyada ilk nümunələr arasında olacaq" .

Qeyd edək ki, sərgi aprelin 30-dək davam edəcək.

Məlumat üçün vurğulayaq ki, Qəyyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. O, 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar "Humay" mükafatına layiq görülüb. Hazırda rəssamın əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.