“Crystol Energy”nin baş icraçı direktoru: İqlim dəyişikliyi hər kəsə təsir edən qlobal problemdir

“Crystol Energy”nin baş icraçı direktoru: İqlim dəyişikliyi hər kəsə təsir edən qlobal problemdir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP) sessiyaları qalıq yanacaq istehsalçılarının düşüncələri daxil olmaqla müxtəlif fikirlərin səsləndirildiyi və prioritetlərin irəli sürüldüyü qlobal platformadır.

Bunu “Birxeber.Az”a açıqlamasında “Crystol Energy”nin baş icraçı direktoru Kerol Nakl (Carole Nakhle) 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-un qarşıdan gələn sessiyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, alimlər bəşəriyyəti iqlim dəyişikliyinin təhlükələri barədə xəbərdarlıq edirlər: “İstixana qazlarının emissiyalarını məhdudlaşdırmaq üçün ciddi tədbirlər görülməsə, bununla bağlı vəziyyət daha da pisləşəcək və bu, daha aydın görünəcək”.

O vurğulayıb ki, iqlim dəyişikliyi hər kəsə təsir edən qlobal problemdir və buna görə də COP kimi tədbirlər xüsusilə mühüm əhəmiyyət kəsb edir.

K.Nakl söyləyib ki, belə görüşlərdə iştirakçıların sayı son illərdə əhəmiyyətli dərəcədə artıb və sonuncu COP28-də rekord sayda iştirakçı qeydə alınıb: “Bu, özlüyündə iqlim gündəminə marağın daha da artdığını və enerji keçidinin sürətləndiyini təsdiqləyir”.

Baş icraçı direktorun fikrincə, COP sessiyaları təkcə “yaşıl enerji”ni dəstəkləyən ölkələrdə deyil, həm də neft və qaz hasil edən ölkələrdə, məsələn, Niderland (COP6, 2000), Kanada (COP11, 2005), İndoneziya (COP13, 2007) və Qətərdə (COP18, 2012) keçirilib: “Qətərdə isə sessiyaya milli enerji şirkətlərinin rəhbərləri sədrlik edirdilər. Ümumiyyətlə, COP28-in nəticəsi bir çox skeptiklərin, xüsusən də neft və qaz hasil edən ölkələrin öz maraqlarını həyata keçirmək üçün iqlim gündəmini ələ keçirəcəyindən narahat olan şəxslərin yanlış düşündüyünü sübuta yetirib”.