“Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib

“Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib

Aprelin 8-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib.

Bu barədə APA-ya BMTM-dən bildirilib.

Mərkəzin baş məsləhətçisi Şahmar Hacıyevin moderatorluğu ilə keçirilən müzakirələrdə əsas istiqamətləri Azərbaycan xarici siyasətində BRICS-in yeri, yeni imkanlar, qrupla iqtisadi əməkdaşlıq perspektivləri və Cənubi Qafqazda cərəyan edən proseslər fonunda qrupun mövqeyi təşkil edib.

Tədbiri giriş nitqi ilə açan BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev qeyd edib ki, beynəlxalq münasibətlər sistemində formalaşan yeni nizam bir çox dövləti öz xarici siyasətini bu reallıqla uzlaşdırmağa vadar edir. BRICS-in Cənubi Qafqaz üçün də əhəmiyyətli təsisat olduğunu bildirən Ş.Hacıyevin sözlərinə görə, qrupa iki qonşu dövlət - Rusiya və İranın üzv olması onun cəlbediciliyini artırır:

“Beynəlxalq Valyuta Fondunun 2024-cü ilə olan məlumatına görə, dünya əhalisinin təqribən 45 %-i bu qrupa üzv ölkələrdə cəmləşib. Dünya ÜDM-nin 28,7 %-i, beynəlxalq ticarətin təxminən 20%-i bu qrupun payına düşür. Həmçinin maliyyə resursları BRICS ölkələrində təxminən 25 trilyonu keçir”.

“Azərbaycan xarici siyasətində BRICS-in yeri” mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahur Qasımov BRICS-in beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri, geniş potensialı barədə məlumat verdi. Onun sözlərinə görə, BRICS-in fəaliyyətində rəhbər tutduğu çoxtərəflilik, inklüzivlik kimi məqamlar Azərbaycan xarici siyasət prinsipləri ilə üst-üstə düşür. BRICS-in 3 əsas əməkdaşlıq istiqaməti - siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, mədəni-xalqarası münasibətlər- barədə məlumat verən M. Qasımov Azərbaycanın bu platformanın fəaliyyətini yaxından izlədiyini diqqətə çatdırdı:

“Azərbaycan 2012-2013-cü illərdə BMT TŞ-yə qeyri-daimi üzvlüyü və 2019-2023-cü illərdə isə Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal sülh və təhlükəsizliyə mühüm töhfələr vermişdir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin işə düşməsində, enerji təhlükəsizliyinin təmini, mədəniyyətlərarası dialoq və iqlim dəyişikliyi ilə mübarizə sahələrində mühüm işlərə imza atıb. Bu fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur”.

“BRICS və Azərbaycan: Yeni imkanlar və perspektivlər” mövzusunda çıxış edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov BRICS-in Qərbin formalaşdırdığı dünya nizamına qarşı yaranan platforma olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda məşvərət formatında olan plafotmanın institusionallaşması istiqamətində addımlar atılır. BRICS-ə marağın artdığını deyən F. Məmmədov artıq bu tendensiyanın Qərbdə reaksiyalara səbəb olduğunu dedi:

“BRICS-ə qoşulmaq istəyən ölkələrin sayı artır. Maraq göstərən dövlətlərdən ikisi bizə dost ölkələr Qazaxıstan və Pakistandır. BRICS, əlbəttə, problemsiz format deyil. Çin və Hindistan arasında müəyyən fikir ayrılıqları mövcuddur və Pakistanın da qoşulması ilə yeni problemlər üzə çıxa bilər. Lakin biz yenə də bu məsələdə maraqlı olmalıyıq, çünki bizə dost və qonşu olan dövlətlər bu formatda öz yerlərini alırlar”.

F.Məmmədov qeyd edir ki, Azərbaycanın regional liderlik rolu və Qərblə bərabərhüquqlu əsasda münasibətlər qurması BRICS-ə uyğun parametrlərdir.

Daha sonra Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “BRICS və Azərbaycan iqtisadi əməkdaşlıq və prioritetlər” mövzusunda çıxış edib. O bildirib ki, BRICS birqütblü dünya sisteminə qarşı yaransa da, təşkilat deyil və hər hansı siyasi, hərbi komponentləri özündə ehtiva etmir. Buna görə Azərbaycanın BRICS-lə intensiv əməkdaşlığı hər hansı təhdidlərdən xəbər vermir:

“BRICS daha çox kommunikasiya, iqtisadiyyat, maliyyə məsələlərini əhatə edən platformadır”.

Z.Məmmədov 2024-cü ilin aprelində Bakı EXPO mərkəzində baş tutacaq “Made in BRICS and SCO” adlı çoxşaxəli sərginin Azərbaycanın bu platforma ilə əlaqələrinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

“BRICS və Cənubi Qafqazda cərəyan edən proseslər” mövzusunda çıxış edən Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Aytən Qurbanova qeyd etdi ki, bəzi BRICS üzvlərinin Cənubi Qafqazdakı proseslərlə bağlı mövqeyi birmənalı deyil. Buna baxmayaraq Cənubi Qafqaz sərhədlərinə qədər gəlib çatmış bu qrupla münasibətlərin formalaşdırılması vacib istiqamətlərdən biri olmalıdır.
Müzakirələr sual-cavab sessiyası ilə davam etdirilib.