“Azərkosmos”: “Azersky" peykinə görə sığorta ödənişi tam məbləğdə alınıb

“Azərkosmos”: “Azersky" peykinə görə sığorta ödənişi tam məbləğdə alınıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") istismar etdiyi, missiyasını vaxtından 1 il əvvəl başa çatdırmış "Azersky" – Yerin məsafədən müşahidə peykinə görə 45 milyon manat sığorta ödənişi tam məbləğdə alınıb.

Bunu “Birxeber.Az”a açıqlamasında "Azərkosmos"un İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib.

“Biz sığorta ödənişinin alınması ilə bağlı prosesinə ötən il - dərhal başladıq. Yerdə baş verən sığorta hadisələrində olduğu kimi, burada proses tez başa çatmaya bilərdi. Peykin əlçatmaz bir yerdə olduğunu nəzərə alsaq məsələnin araşdırılması müəyyən vaxt tələb edirdi. Lakin bizim bu sahədə seçdiyimiz sığorta təşkilatları və brokerlər ilə uzun müddətli əməkdaşlığımız, ən vacibi düzgün təşkilatlarla işləməyimiz imkan verdi ki, tam bizə uyğun, gözlədiyimiz vaxtda prosesi yekunlaşdıraq”,- deyə o qeyd edib.

Xatırladaq ki, ötən ilin aprel ayında "Azersky" fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. Həmin vaxta kimi peykdən 105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfə çox olub. Peyk “PAŞA Sığorta” ASC vasitəsi ilə beynəlxalq bazara çıxarılıb. Sığortalama prosesində 15-dən artıq sığorta şirkəti iştirak edib. Bunlar A+ kateqoriyalı beynəlxalq reytinqə malik dünyanın ən böyük təkrarsığorta şirkətləridir. Peyklə əlaqənin kəsilməsinin səbəbi onun kiçik ölçülü meteorit və yaxud kosmik tullantı ilə toqquşması olub.