ADA Universiteti ilə İtaliyanın Bolonya Universiteti arasında əməkdaşlıq genişlənir

ADA Universiteti ilə İtaliyanın Bolonya Universiteti arasında əməkdaşlıq genişlənir

İtaliyanın Alma Mater Bolonya Universitetinin rektoru Ciovanni Molari və nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universitetində səfərdə olub.

"Report" xəbər verir ki, səfər zamanı əsas müzakirə mövzuları humanitar elmlər sahəsində əməkdaşlıq, ADA Universitetində İtalyanşünaslıq proqramının tədrisi, Azərbaycanın mədəni irsi, dili, tarixi, ədəbiyyatı, musiqisi, memarlığı, teatr və kinoşünaslığı, tətbiqi incəsənətini özündə cəmləşdirən “Azərbaycanşünaslıq” proqramını dövrümüzün çağırışlarına cavab verəcək metodlarla tədris etmək, həmçinin mədəniyyət qurumlarını idarə edəcək mütəxəssislər yetişdirmək üçün Bolonya Universitetinin təcrübəsindən yararlanmaq kimi məsələlər olub.

Bununla yanaşı, İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təhsil alacaq tələbələr üçün italiyan dili və mədəniyyəti üzrə kursların təşkili də müzakirə edilən mövzulardan olub.

Bolonya Universiteti ilə humanitar sahədə bu yeni əməkdaşlıq istiqamətini müzakirə etmək üçün mədəniyyət naziri Adil Kərimlinin və elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə görüşlər keçirilib.

Tərəflər həmçinin “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda müzakirələri davam etdirib, həmçinin nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib, tarixi və dini abidələrin qorunduğu bir neçə məkana tanışlıq səfəri ediblər.