Azərbaycan millisinin baş məşqçisi: Monteneqro ilə matç zamanı qızlar şoka düşmüşdülər

Azərbaycan millisinin baş məşqçisi: Monteneqro ilə matç zamanı qızlar şoka düşmüşdülər

Fikrimcə, ilk oyunda böyük hesabla uduzmamalı idik. Monteneqro ilə matç zamanı qızlar şoka düşmüşdülər.

Bunu "Birxeber.Az"a açıqlamasında 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev Avropa çempionatının ilkin seçmə mərhələsində Monteneqroya məğlubiyyət barədə danışarkən deyib.

Mütəxəssis komandanın müvafiq olaraq Monteneqro və Bolqarıstan ilə görüşlərdə uduzmasının səbəblərini açıqlayıb: “Biz Latviyaya gəldikdən sonra güclü qar yağdı, iqlim dəyişikliyi futbolçularımıza mənfi təsir göstərdi. Demək olar ki, hamısının əlləri və ayaqları donmuşdu. Monteneqro ilə qarşılaşmada oyunumuzu göstərməyə mane olan amillərdən biri də bu oldu. Bolqarıstanla ikinci matç isə pis alnmadı. 0:1 hesabı ilə məğlub olsaq da, komandamız sona qədər mübarizə apardı”.

Təmsilçimiz aprelin 9-da Latviya yığması ilə üz-üzə gələcək. H.Ağayev bu görüşün də çətin olacağını vurğulayıb: “Qrupumuzda güclü komandalar yer alıb. Latviya əvvəlki turda Monteneqro millisinə böyük hesabla qalib gəlib. Yəqin ki, bizə də güclərini göstərməyə çalışacaqlar. Nəzərə almaq lazımdır ki, Latviya ev sahibidir”.

Qeyd edək ki, U-19 millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.